Avtoyuma açmaq istəyənlərə XƏBƏRDARLIQ: Gəlirinizi bu xərclər yeyə bilərbackend

Avtoyuma açmaq istəyənlərə XƏBƏRDARLIQ: Gəlirinizi bu xərclər yeyə bilər

Son illərdə şəhər xidmətləri bazarında özünəxidmət avtoyuma məntəqələrinin sürətlə yayılması həm sahibkarlar, həm də sürücülər üçün cəlbedici, lakin özünəməxsus iqtisadi mexanizmlərə malik yeni bir biznes modeli formalaşdırıb. İlk baxışdan aşağı xərcli və yüksək gəlirli görünən bu sahədə real mənfəətə nail olmaq üçün lokasiya seçimindən avadanlıqların amortizasiyasına, “1 manatlıq” qiymət strategiyasından kommunal sərfiyyata qədər bir sıra həlledici amillər düzgün hesablanmalıdır.

KONKRET.az xəbər verir ki , “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov deyir ki, özünəxidmət avtoyuma məntəqələrinin sayının artması şəhər xidmətləri bazarında formalaşan yeni biznes modelinin göstəricisidir:

“Bu modelin yayılmasına bir neçə amil təsir edir. Birincisi, əmək xərclərinin azaldılması; ikincisi, müştərinin xidməti özü idarə etməsi; üçüncüsü isə nisbətən kiçik heyətlə fəaliyyət göstərmək imkanı və avtomobil sahiblərinin daha çevik, münasib qiymətli xidmətlərə marağıdır. Özünəxidmət avtoyuma biznesində xərclərin strukturu obyektin yerləşdiyi ərazidən, məntəqənin ölçüsündən, yuma postlarının sayından və istifadə intensivliyindən asılıdır. Burada iki mühüm xərc istiqaməti var ki, bu da torpaq sahəsinin və ya obyektin icarəsi, eləcə də avadanlıqların alınması, quraşdırılması və istismarıdır. Mərkəzi və avtomobil hərəkətinin intensiv olduğu ərazilərdə yer haqqı biznesin gəlirliliyinə ciddi təsir göstərir. Çünki belə məntəqələrin müştəri axını əsasən əlçatanlıqdan, yoldan görünməsindən və əraziyə rahat giriş-çıxış imkanından asılıdır. Uğurlu lokasiya sahibkara daha çox müştəri gətirə bilər, lakin yüksək icarə haqqı əldə olunan gəlirin əhəmiyyətli hissəsini azalda bilər”.

Ekspert bildirib ki, avadanlıq xərcləri də kifayət qədər böyükdür:

“Yüksək təzyiqli su nasosları, su filtrləri, su yumşaltma sistemləri, köpük generatorları, tozsoranlar, ödəniş terminalları və digər texniki qurğular müntəzəm xidmət tələb edir. Bu avadanlıqların ilkin alınması ilə yanaşı, onların amortizasiyası, ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri də biznesin maya dəyərinə daxil edilməlidir. İşçi qüvvəsinə qənaət edilməsi sahibkara müəyyən üstünlük yaradır. Lakin bu, əmək xərclərinin tamamilə aradan qalxması demək deyil.

Məntəqənin təmizliyinə, texniki nəzarətinə, müştəri müraciətlərinə və avadanlıqların işlək vəziyyətdə saxlanmasına məsul şəxslərin cəlb olunması zərurəti yarana bilər. Ən böyük qənaət gündəlik əməkhaqqı fondunun və xidmətin təşkili ilə bağlı inzibati xərclərin azalması hesabına əldə edilir. Ənənəvi avtoyuma məntəqəsində hər avtomobilə xidmət göstərən işçilərin sayı və əməkhaqqı xərcləri daha yüksək ola bilər. Özünəxidmət modelində isə bu əməliyyatın böyük hissəsini müştəri özü həyata keçirir.

Digər qənaət istiqaməti xidmət prosesinin standartlaşdırılmasıdır. Müştəri proqramı seçir, ödəniş edir və avadanlıqdan istifadə edir. Bu, xidmətin təşkili prosesini sadələşdirir və eyni ərazidə daha çox avtomobilə xidmət göstərmək imkanı yarada bilər. Gözlənilməz xərclər əsasən texniki sistemlərdən və kommunal infrastrukturdan qaynaqlanır. Nasosların sıradan çıxması, su filtrlərinin dəyişdirilməsi, boru xətlərində nasazlıqlar, elektrik sistemində problemlər və ödəniş terminallarının işləməməsi birbaşa gəlir itkisi yarada bilər. Xüsusilə qış aylarında donma, temperatur fərqləri və su xətlərinin qorunması əlavə məsrəflər tələb edir”.

A. İbrahimov vurğulayıb ki, su və elektrik sərfiyyatı da diqqətlə hesablanmalıdır:

“Müştərinin bir avtomobil üçün istifadə etdiyi suyun miqdarı, təzyiq rejimi və yuma müddəti dəyişdikcə xidmətin maya dəyəri də dəyişir. Bundan əlavə, yuyucu kimyəvi vasitələrin qiymətindəki dəyişikliklər, tullantı sularının idarə olunması, kanalizasiya və ekoloji tələblərə uyğunlaşma xərcləri də nəzərə alınmalıdır. Bu biznesdə ən ciddi iqtisadi risklərdən biri avadanlığın işləmədiyi müddətdə gəlirin dayanmasıdır. Əgər bir yuma postu texniki nasazlıq səbəbindən bir neçə gün fəaliyyət göstərmirsə, sahibkar həm təmir xərci çəkir, həm də həmin müddətdə əldə edə biləcəyi gəliri itirir. Buna görə texniki xidmət və ehtiyat hissələrinin təminatı biznesin davamlılığı üçün vacib şərtdir.

Bir manatlıq başlanğıc qiyməti özünəxidmət avtoyuma modelində marketinq və qiymət formalaşdırma aləti kimi çıxış edir. Bu məbləğ sürücünün xidmətə marağını artırır, ilkin istifadə baryerini aşağı salır və müştərinin məntəqəni sınamasına şərait yaradır. Amma burada mühüm iqtisadi məqam var: bir manatlıq ödənişin hansı xidmət müddətini və hansı əməliyyat həcmini əhatə etməsi. Əgər bir manat yalnız qısa müddətli su püskürtmə və ya ilkin yuma mərhələsini təmin edirsə, avtomobilin tam yuyulması üçün əlavə ödəniş tələb olunacaq. Müştəri yekun xərcini əvvəlcədən bilməlidir. Belə biznes modelində qiymət şəffaflığı mühüm əhəmiyyət daşıyır. Müştəri bir manat ödədikdə neçə saniyə və ya dəqiqə xidmət alacağını, hansı proqramların əlavə ödəniş tələb etdiyini və avtomobilin tam yuyulmasının təxmini neçəyə başa gələcəyini aydın şəkildə görməlidir”.

Ekspertin sözlərinə görə, bir manatlıq başlanğıc qiymətinin iqtisadi səmərəliliyi müştərinin orta çekindən, gündəlik avtomobil sayından, bir avtomobilə düşən su və kimyəvi vasitə sərfiyyatından, icarə və texniki xidmət xərclərindən asılıdır:

“Sahibkar yalnız başlanğıc qiymətinə əsaslanaraq biznesin gəlirliliyini qiymətləndirə bilməz. Burada bir müştəridən əldə olunan orta gəlir və həmin müştəriyə xidmət göstərmək üçün çəkilən ümumi dəyişən xərclər müqayisə edilməlidir.

Özünəxidmət avtoyuma məntəqələri düzgün lokasiya seçildikdə, müştəri axını təmin olunduqda və əməliyyat xərcləri nəzarətdə saxlanıldıqda gəlirli biznes modelinə çevrilə bilər. Bu sahəyə investisiya qoyuluşunda ilkin avadanlıq xərcləri, torpaq və ya obyektin icarəsi, kommunal xidmətlər, texniki xidmət, amortizasiya və mövsümi tələb dəyişiklikləri birlikdə təhlil edilməlidir. Sahibkar üçün əsas iqtisadi göstərici gündəlik avtomobil sayı və bir avtomobildən əldə olunan xalis töhfədir. Məntəqənin gəliri yüksək görünsə də, avadanlığın amortizasiyası, icarə, su, elektrik, kimyəvi vasitələr, təmir və digər xərclər çıxıldıqdan sonra real mənfəət müəyyən olunur.

Bu sektorun genişlənməsi şəhər xidmətləri bazarında rəqabəti artırır və istehlakçılara seçim imkanı yaradır. Davamlı fəaliyyət üçün isə qiymət şəffaflığı, texniki etibarlılıq, su resurslarından səmərəli istifadə və müştəri məmnuniyyəti əsas iqtisadi şərtlər olaraq qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*