Bakının tıxacla boğulan küçələrində nizam yaratmaq, şəhər parklanmasını sistemləşdirmək – bunlar şübhəsiz ki, müasir bir metropolis üçün zəruri addımlardır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və onun tabeliyindəki “AzParking” MMC bu məqsədlə fəaliyyətə başladı. Lakin praktikada ortaya çıxan mənzərə idealdan çox uzaqdır. Bu məqalədə KONKRET.az-ın Analitik Qrupu həmin problemləri faktlar, vətəndaş şikayətləri və ekspert rəyləri əsasında analiz edir.
Qeyd edək ki, AYNA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturunda fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik ölkədə yerüstü nəqliyyatın tənzimlənməsi, yol hərəkətinin təşkili, avtomobil daşımalarına nəzarət, sərhəd keçid məntəqələrindəki yük axınının idarə edilməsi kimi geniş vəzifələri yerinə yetirir. Fəaliyyət dairəsi böyük, lakin hesabatlılıq mexanizmləri hələ də zəif qalan AYNA şəhər sakinləri ilə gərgin münasibətlərin mərkəzinə çevrilib. Əsasən “AzParking” layihəsi üzərindən.
“AzParking”: Sistem necə işləyir və ya işləyirmi?!
“AzParking” MMC, Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki ödənişli parklanma zonalarını idarə edir. Sistem mobil tətbiq və SMS üzərindən fəaliyyət göstərir. Tariflər belədir:
– *Bakı mərkəzi (1-ci zona):* saatda 1 AZN
– *2-ci zona:* saatda 70 qəpik
– *3-cü zona:* saatda 40 qəpik
– *4-cü zona:* saatda 30 qəpik
Saat 22:00-dan 07:00-dək və bazar günləri parklanma pulsuzdur. 15 dəqiqəyə qədər parklanmada ödəniş alınmır.
Vətəndaşların ən çox şikayət etdiyi texniki problem *tətbiqin qeyri-stabil işləməsidir. Sürücülər bildirir ki, tətbiq parklanma yerini səhv göstərir, bu da ikiqat ziyana, həm ödənişə, həm də cəriməyə yol açır. Bir sürücünün AYNA-ya ünvanladığı şikayətdə deyilir: “Tətbiq işləmir, mesaj göndərmək də olmur. Ancaq buna baxmayaraq mənə cərimə yazılır. Maşını park edən zaman ətrafda əməkdaşınız da olmur”.
Başqa bir kritik problem şirkətin əlaqə məlumatlarının mövcud olmamasıdır. “AzParking” MMC-nin nə internet saytında, nə sosial media səhifələrində telefon nömrəsi göstərilir. Vətəndaşlar problem yarandıqda kimə müraciət edəcəklərini bilmirlər. Tətbiqin dəstək bölməsindəki yeganə nömrə AYNA-nın 141 çağrı xətti isə uzun gözləmə müddəti ilə məşhurdur.
Bu məsələnin ən həssas tərəfi maliyyə yükü məsələsidir. Hesablamalar göstərir ki, iş yeri şəhər mərkəzində olan bir vətəndaş ayda təxminən 176 AZN parklanma haqqı ödəməlidir. Bu məbləği 2024-cü il üçün müəyyən edilmiş 270 AZN-lik yaşayış minimumu ilə müqayisə etdikdə, mənzərə olduqca narahatedicidir. Bu, parklanma xərcləri yaşayış minimumunun 65%-ni təşkil edir.
Sahibkarların bir hissəsi bu yükü birbaşa ölkə başçısına ünvanladığı açıq müraciətdə ifadə etdi: “İş yerimizin qarşısında avtomobilimizi saxlamaq üçün gündəlik 10 AZN ödəniş etməyimiz tələb olunur. Hətta bəzi vətəndaşlardan yaşadıqları binanın qarşısında belə maşını saxlamaq üçün ödəniş tələb olunur”.
Hava limanı parkinqlərinin də “AzParking”ə verilməsi tariflərə kəskin təsir etdi. Əvvəllər 24 saatı 5 AZN olan parkinq indi 15 AZN-dir. Bu, 4 günlük xarici səfər zamanı parkinq xərci 60 AZN-ə çatması deməkdir.
Xatirinizdədirsə, vaxtilə ən ciddi iddialar xaricdən deyil, sistemin içindən gəldi. “AzParking” MMC-nin işçisi İlyasov Kənan sosial şəbəkədə yayımladığı videoda şirkət rəhbərliyinin vətəndaşları qəsdən cərimələdiyini açıqlamışdı: “İnsanlar park etmə vaxtını açdığı halda, maşınlarının vaxtı sistemdə bağlanır. Bu zaman vətəndaşlar bizimlə əlaqə saxlayıb, “vaxtı açmışdıq, niyə cərimələnmişik?” deyirlər. Biz də dəfələrlə araşdırmışıq və nəticə olaraq görmüşük ki, bunun arxasında şirkətimizin rəhbərliyi dayanır”. İddianı daha da ciddiləşdirən fakt odur ki, şikayəti açıqlayan şəxs “hədə-qorxu ilə üzləşdiyini” açıqlayıb. Bu hal, əgər doğrudursa, sadə texniki narahatlığı hüquqi-etik problemə çevirir.
Problemin bir hissəsi “AzParking”in özündə deyil, Bakının şəhərsalma tarixindədir. Sovet dövründə tikilən çoxmənzilli binaların əksəriyyəti parkinq infrastrukturu nəzərə alınmadan layihələndirilib. Sonrakı xaotik tikinti dalgası isə bu boşluğu daha da dərinləşdirib.
Nəqliyyat eksperti Aslan Əsədov bu məsələni belə izah edir ki, “Bakıda pulsuz parkinq üçün ərazi yoxdur. Binalar arasında məsafə gözlənilməyib, qanunvericilikdə boşluqlar parkinqlə bağlı problemlərin yaranmasına səbəb olub”. Yəni ödənişli parkinq sistemi mövcud infrastruktur çatışmazlığını həll etmir, əksinə, onsuz da çətin olan vəziyyəti maliyyə yükünə çevirir. Sistemin ən böyük qüsurlarından biri “məsuliyyətin bölünməsindəki qeyri-şəffaflıqdır”.
Parklanma xidməti özəl şirkət olan “AzParking” MMC-yə tapşırılıb. Lakin vətəndaşlar şikayət etdikdə dövlət qurumu olan AYNA-ya göndərilirlər. AYNA isə çox vaxt şikayətlərə cavab vermir. Bu vəziyyət “ping-pong” effektini yaradır: vətəndaş özəl şirkəti tapa bilmir, dövlət qurumu isə məsuliyyəti qəbul etmir. Araşdırmalar göstərir ki, AYNA mətbuat xidməti texniki şikayətlərə çox vaxt standart cavablarla münasibət bildirir, sistemin mövcud problemlərini isə açıq şəkildə etiraf etmir. Dünya şəhərlərinin təcrübəsinə baxdıqda görürük ki, uğurlu ödənişli parklanma sistemləri bir neçə əsas prinsipə söykənir:
- – “Şəffaf tariflər” — qiymətlər açıq, əvvəlcədən məlum olmalıdır
- – “Alternativ ödəniş üsulları” — yalnız mobil tətbiqdən asılılıq məhdudlaşdırıcıdır
- – “Güclü müştəri dəstəyi” — şikayətlərə operativ cavab şərtdir
- – “Güzəştli kateqoriyalar” — əlillər, yaşlılar, sakinlər üçün xüsusi şərtlər
Londonda, Barselonada, Sinqapurda uğurla tətbiq olunan sistemlər texnologiyanı vətəndaş rahatlığı ilə birləşdirir. Azərbaycanda isə texnoloji tətbiq vətəndaş rahatlığından öndə gedir.
Bu gün hələ də “AzParking” MMC ayrıca, fəal işləyən müştəri dəstək xətti yaratmır. MMC zəhmət çəksin tətbiqin texniki xətaları zamanı avtomatik cərimə tətbiq etməsin. Eləcə də şikayətlərə baxılması üçün açıq, izlənə bilən mexanizm qursun. Orta və uzunmüddətli addımlara gəldikdə isə sakinlər üçün ayrıca güzəştli parklanma kateqoriyası yaradılmalıdır. Pulsuz parklanma zonalarının genişləndirilməsi üçün şəhərsalma planı hazırlanmalıdır. “AzParking” MMC mütamaddi olaraq müstəqil audit tərəfindən yoxlanılmalıdır. Çünki özəl şirkətin ictimai xidmət sahəsindəki məsuliyyəti dəqiq müəyyən olunmalıdır
AYNA-nın parklanmada qaydanı bərpa etmək cəhdi özlüyündə düzgün istiqamətdir. Lakin yaxşı niyyət həmişə yaxşı icraatla müşayiət olunmur. Vətəndaşların kütləvi şikayətləri, sistem daxilindəki açıqlamalar, maliyyə yükünün ağırlığı və hesabatlılıq boşluğu göstərir ki, mövcud model köklü dəyişikliyə ehtiyac duyur. Şəhər parklanması yalnız gəlir mənbəyi deyil, eyni zamanda ictimai xidmət olmalıdır. Bu xidmətin vətəndaşın yox, sistemin mənafeyinə uyğun qurulduğu hallarda nəticə narazılıq, etiraz və inamsızlıq olur. Azərbaycanda bu narazılıq artıq gündəmdədir. Cavabı vermək isə aidiyyəti qurumlara düşür.
KONKRET.az-ın Analitik Qrupu
