Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Şenqavit rayonunda seçicilərlə görüş zamanı Qarabağ mövzusuna görə vətəndaşla mübahisə edib.
KONKRET.az xəbər verir ki, hazırda məzuniyyətdə olan Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlığa namizədlər siyahısına rəhbərlik edir.
Görüş zamanı vətəndaş Paşinyana 2018-ci ildə ona inandığını, lakin indi Ermənistan üçün narahat olduğunu bildirib.
“Siz Qarabağı təslim etdiniz, 5000 oğlanın ölümündə əsas günahkar sizsiniz”, – deyə vətəndaş bildirib.
Bu sözlər Paşinyanı əsəbiləşdirib.
“5000 rəqəmini haradan götürmüsünüz? Biz rəqəmi dərc etməmişik? Siz həmin əclafların (erməni müxalifətini nəzərdə tutur – red.) ritorikasından istifadə edirsiniz. Qurbanların sayı sizə azdır ki, hələ 5000-dən danışırsınız?” – deyə Paşinyan cavab verib.
O bildirib ki, həmin itkilər nəticəsində Ermənistan dövlət və müstəqillik əldə edib.
“Əgər siz gəlib bunu baş nazirin üzünə deyirsinizsə, deməli, bizim dövlətimiz, müstəqilliyimiz var. Əgər eyni sözü 15 il əvvəl desəydiniz, sizi tualetdə öldürərdilər”, – Paşinyan qeyd edib.
Baş nazir vətəndaşa seçki məntəqəsinə gedərək öz mövqeyini istədiyi kimi ifadə etmək hüququnun olduğunu xatırladıb.
“5000 rəqəmini deməyin. Əgər xalq qərar versə ki, mən getməliyəm, itaətlə gedəcəyəm. Mayın 28-də ordunun nə olduğunu, hansı silahlara malik olduğunu görəcəksiniz”, – o əlavə edib.
Vətəndaş isə Qarabağın itirilməsi və itkilərlə bağlı Paşinyana suallarının olduğunu bildirib.
Buna cavab olaraq Paşinyan “Qarabağ hərəkatının tələ olduğunu” təkrarlayıb.
Vətəndaş ona 44 günlük müharibədən əvvəl Xankəndidə dediyi “Qarabağ Ermənistandır və nöqtə” sözlərini, eləcə də 2021-ci ildə Qarabağın “geri qaytarılması” ilə bağlı seçki vədini xatırladıb.
Paşinyan isə həmin ifadəni niyə dediyini belə izah edib:
“Bilirsiniz, niyə “Qarabağ Ermənistandır və nöqtə” demişdim? Əks halda, bu hərəkat nə idi? Qarabağda xalq yaşamırdı, Köçəryan-Serj klanının girovu idi. Onlar Qarabağ bəhanəsi ilə Ermənistanda hakimiyyəti saxlamaq istəyirdilər”.
Onun sözlərinə görə, Qarabağ əhalisi indi Ermənistanda yaşayacaq, evə, sülhə, işə və sosial təminatlara sahib olacaq.
“Biz Qarabağı əvvəldən itirmişdik. Biz artıq Ermənistanı itirirdik və bunu anlayanda mənim vəzifəm Ermənistanı qorumaq və onu dövlət kimi inkişaf etdirmək oldu”, – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Ermənistan bu gün beynəlxalq arenada tarixində olmadığı qədər yüksək nüfuza malikdir.
“Bizi Qarabağ hərəkatı ilə tələyə saldılar ki, bu bəhanə ilə pensiya və maaşlar artırılmasın, əsgərlər talansın”, – Paşinyan vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
