Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə, “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə çıxış edən deputat Rizvan Nəbiyev Zəngəzur məsələsi və regionda formalaşan yeni siyasi reallıqlarla bağlı mühüm mesajlar verib.
KONKRET.az-ın xəbərinə görə, deputat bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı çağırış varsa, deməli, Qərbi Zəngəzur məsələsi də gündəmdədir və bu, regionda yaranmış yeni geosiyasi reallıqların tərkib hissəsidir.
Rizvan Nəbiyev qeyd edib ki, Ermənistanda parlament seçkilərinə sayılı günlərin qalması fonunda verilən mesajlar xüsusilə revanşist qüvvələrə ünvanlanıb.
Deputat vurğulayıb ki, Azərbaycan sülh diplomatiyasını həyata keçirən tərəfdir və rəsmi Bakı regionda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət yürüdür.
O bildirib ki, əgər Azərbaycan sülh istəməsəydi, bölgədə bugünkü reallıq formalaşmazdı.
Deputat xatırladıb ki, vaxtilə verilən strateji ultimatum nəticəsində Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan Azərbaycana qaytarılıb.
Rizvan Nəbiyevin sözlərinə görə, bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji və prinsipial siyasətin nəticəsi olub.
Aynurə İsmayıl
KONKRET.az

