“Qarabağ” futbol klubu növbəti transferini həyata keçirməyə hazırlaşır. Komanda Kiprin “Omoniya” klubunda çıxış edən fransalı hücumçu Jali Mouaddibi öz sıralarına qatacaq.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu keçidi Nikosiya təmsilçisinin baş meneceri Giorqos İrakleus rəsmən təsdiqləyib.
O, “Sport FM” radiosuna verdiyi müsahibəsində bildirib ki, istedadlı fransalı vingerlə Azərbaycan çempionu arasında artıq bütün detallar üzrə tam razılıq əldə olunub:
“Mouaddibin “Qarabağ”la əvvəlcədən əldə etdiyi razılaşma var və o, növbəti mövsümdə bizim komandada yer almayacaq. Lakin qeyd etməliyəm ki, futbolçu aylar əvvəl “Qarabağ”ın ona “elçi düşdüyünü” bizə bildirmişdi. Buna baxmayaraq, o, liqada mövqeyimizi qorumaq üçün sona qədər komandaya kömək edəcəyinə söz vermişdi”.
Xatırladaq ki, Jali Mouaddib “Omoniya” ilə mövcud müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır. 25 yaşlı vinger cari mövsümdə Kipr təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, peşəkar karyerasında diqqətçəkən məqamlara sahib olan vinger, 2019-cu ildə Fransanın 19 yaşlılardan ibarət milli komandasının formasını da geyinib.
