Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının Veteran Hərbi Qulluqçular Şurasının sədri Aşot Karapetyan Ermənistandakı seçkilərlə bağlı mediada yayılan iddiaları böhtan və təxribat adlandırıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Gümrüdəki 102-ci Rusiya hərbi bazasında çalışan erməni vətəndaşlarına təzyiq göstərilməsi və onların müəyyən siyasi qüvvəyə səs verməyə yönləndirilməsi ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir.
Burada məqsəd Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqdır. Karapetyan bildirib ki, mediada adı hallandırılan keşiş Timofey Kazaryan hərbçilərlə dini iş üzrə komandanın köməkçisidir və mülki heyətlə işləmək səlahiyyəti yoxdur. O qeyd edib ki, bazada çalışan mülki personalın böyük hissəsi Rusiya pasportu daşıyan, mənşəcə erməni olan keçmiş hərbçilərdir.
“Bazada çalışan Ermənistan vətəndaşlarının sayı çox azdır və onların seçki prosesinə təsir göstərə biləcək imkanları yoxdur”, – deyə Karapetyan vurğulayıb.
O həmçinin qeyd edib ki, son dövrlər 102-ci bazaya və ümumilikdə Rusiyaya qarşı hücum xarakterli materialların sayı artıb. Onun fikrincə, bu cür məlumatların arxasında anti-Rusiya qüvvələri dayanır. Karapetyan əlavə edib ki, hazırda Gümrüdəki 102-ci Rusiya hərbi bazasının komandiri polkovnik Andrey Yudakovdur./globalinfo
