Azərbaycan Premyer Liqası: Bu gün “Qarabağ” “Səbail”in qonağı olacaqbackend

Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" "Səbail"in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

KONKRET.az xəbər verir ki, bütün qarşılaşmalar saat 17:00-da başlayacaq.

Çempionluğu təmin edən “Qarabağ” klubu “Səbail”in qonağı olacaq. Ağdam təmsilçisi hesabında 63 xal var. Bakı klubu isə 15 xalla sonuncu – 8-ci sırada qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəliblər.

Bunların 14-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıblar. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var – 35:7.

UEFA Konfrans Liqasına vəsiqə şansını davam etdirən “Sabah” “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri 39 xalla beşinci, “gənclik şəhəri” təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.

Çempionatdakı əvvəlki 14 matçın 6-da “Sabah”, 6-da qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində “Sabah” minimal üstünlüyə malikdir – 18:17.

Avrokuboklara digər iddialı komanda “Qəbələ” “Şamaxı”nın qonağı olacaq. “Qırmızı-qaralar” 41 xalla 4-cü, Şamaxı təmsilçisi 21 xalla 6-cı sıradadır. Tərəflər Premyer Liqada 54 dəfə qarşılaşıblar. Bunların 19-da meydan sahibləri, 16-da qonaqlar qalib gəlib. Topların nisbətində də “Şamaxı” üstündür – 72:57.

Nəhayət, “Zirə” gümüş medalları təmin edən “Neftçi”ni qəbul edəcək. “Ağ-qaralar”ın hesabında 50 xal var. Qırx üç xala malik “Zirə” üçüncü yerdədir. Bu, komandalar arasında çempionatdakı 26-cı matç olacaq. Bunların 11-də “Zirə”, 7-də “Neftçi” qələbə qazanıb. Topların nisbətində isə qonaqların üstünlüyü var – 27:26.

“Qəbələ” bu tur xal itirsə, “Zirə” qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. “Sabah” “Sumqayıt”ın müqavimətini qıra bilməsə, “Qəbələ” Şamaxı səfərindən 3 xalla qayıtsa, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*