Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qarşısında siyasi şousu davam edir. Avtomobil karvanının yalnız Laçın yolundan keçməsini israr edən Ermənistan, əslində bu addımı ilə siyasi manipulyasiya edir və dünya ictimaiyyətinin diqqətini cəlb etmək niyyəti güdür. Azərbaycanla razılaşdırılmadan ərazilərimizə 19 maşın yük göndərən Paşinyan hakimiyyətinin təklif olunan Ağdam yolundan imtinası və yükün məhz Laçın yolundan keçirməyə israr etməsi siyasi təxribatdır.
Bu işdə Ermənistana dəstək verən qüvvələr də iki gündür biri-birinin ardınca bəyanatlar verməkdədir. Ayrı-ayrı ölkələrin səfirliklərindən tutmuş, Avropa İttifaqı rəhbərliyinə qədər Azərbaycanı “humanitar böhran”da ittiham edənlər məsələni bir qədər də qəlizləşdirirlər.
Yükləri İrəvandan yola salmadan əvvəl xarici ölkə səfirlərini baxışa dəvət edən ermənilər maşınların Azərbaycana buraxılmayacağını dəqiq bilirdi. Ona görə də əvvəlcədən İrəvandakı diplomatik korpusun nümayəndələrini məlumatlandırmışdılar ki, bunların apardıqları yükün nədən ibarət olduğuna şahidlik etsinlər.
Avtomobil karvanını sərhədə qədər müşahidə edən Avropa İttifaqının Ermənistandakı missiyası bu oyunun nə ilə başa çatacağını anladığından şounun əsas iştirakçıları rolunda çıxış edirlər. Fransız və almanlardan ibarət bu dəstə Azərbaycan Ermənistan sərhəddində, Laçın sərhəd-keçid məntəqəsinə boylana-boylana qalıblar. Arabir kamera qarşısına keçən missionerlər erməni qardaşları ilə həmrəy olduqlarını gizlətmirlər.
İş o yerə çatıb ki, Parisin meri işə “qarışıb”. Öz şəhərində asayişi bərpa edə bilməyən bu adam mitinqlərdə əzilən, döyülən insanları qorumaq əvəzinə Laçın yolunda karvanın dayandırılmasından narahatdır.
Hələ Fransanın xarici işlər naziri, Litvanın Ermənistandakı səfiri, Cibutinin baş naziri, Mozambikin “JEK” rəisinin ittihamlarını demirəm. Ermənistanın siyasi şousunda hər kəs öz yerini alıb və rollarını məharətlə ifa edirlər.
Ermənistan rəhbərliyini bu işə təhrik edən qüvvələr Qarabağ məsələsini daha çox humanitar böhran istiqamətində inkişaf etdirməklə mahiyyəti dəyişmək planını işləyib-hazırlamaq niyyətindədirlər. Bütün dünyaya Qarabağda “aclıq” başlaması barədə haray çəkən ermənilər və onların dostları bunun hüquqi tərəfini formalaşdırmaq üçün bu gün Ermənistanda akreditə olunmuş diplomatik korpus nümayəndələrini hadisə yerinə gətirir. Məqsəd sərhəddə dayanan avtomobil karvanını səfirlərə nümayiş etdirmək və dünyaya haray salmaqdır. Çox güman ki, bir neçə saatdan sonra Laçın sərhəd-keçid məntəqəsinin qənşərinə toplaşacaq bir dəstə adam karvanın keçməsini “müzakirə” edəcək.
Yükün daşınması üçün alternativ yolu qəbul etməyən Ermənistan və dostları isə yükün keçirilməsində yox, hadisələrin bu yöndə davam etməsində maraqlıdır. Qarabağda yaşayan erməniləri əllərində alətə çevirən bir dəstə siyasi dəllal Azərbaycan ərazilərinə xaç yürüşünə hazırlaşır.
Vəli Həsənov,
KONKRET.az
