Deputat Vüqar Bayramovun minimum əməkhaqqının artırılması ilə bağlı təklifi müzakirələrə səbəb olub.
Sitat: “Minimum əməkhaqqı artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbətin nəzərə alınması və minimum əməkhaqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı”.
Bu təklif nə dərəcədə effektli ola bilər? Minimum əməkhaqqı nə qədər olmalıdır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, maaşlar birmənalı olaraq ümumi iqtisadi artımla paralel şəkildə artırılmalıdır:
“Lakin sosial ədalətin təmin olunması üçün aşağı gəlirli qrupların iqtisadi artımdan daha çox pay alması vacibdir. Azərbaycanda gəlir bölgüsündə qeyri-bərabərlik 30-40 il əvvəl də mövcud idi, bu gün də var. Gəlirin böyük hissəsi az sayda sektorda cəmlənir və geniş əhali kütləsinə bərabər paylanmır. Nəticədə, cəmiyyətin bir hissəsi oliqarx həyat tərzi sürür, digər hissəsi isə əsas ehtiyaclarını çətinliklə qarşılayır. Bu sistem köklü şəkildə dəyişdirilməlidir”.
İqtisadçı bildirib ki, bir çox ölkələrdə minimum əməkhaqqı orta maaşın təxminən 50-60 faizi səviyyəsində müəyyən edilir:
“Ölkəmizdə orta aylıq əməkhaqqı təxminən 900-1000 manat civarındadır. Bu yanaşmanı tətbiq etsək, minimum əməkhaqqı 500-600 manat olmalıdır. Əgər məqsəd sosial rifahı artırmaqdırsa, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizindən az olmamalıdır. Məsələn, Fransa və Portuqaliya kimi sosial yönümlü ölkələrdə də minimum əməkhaqqı adətən orta əməkhaqqının 50-60 faizi səviyyəsində müəyyən olunur. Bizim üçün əsas məqsəd həm yüksək, həm də davamlı və idarəolunan artımı təmin etmək, eyni zamanda, aşağı gəlirli qrupların geridə qalmamasına nail olmaqdır.
İrlandiyada “yaşayış minimumu” modeli əsas götürülür. Buna əsasən, minimum əməkhaqqı şəxsin əsas xərclərini ödəməyə yetəcək səviyyədə hesablanır. Bu, sosial baxımdan ən ədalətli yanaşmalardan biri hesab olunur və yoxsulluğun birbaşa azaldılmasına da kömək edə bilər. Ona görə də hesab edirəm ki, ölkəmiz üçün tək bir model kifayət deyil. Ən effektiv yanaşma kombinə edilmiş modeldir. Yəni minimum əməkhaqqı orta əməkhaqqının 60 faizindən az olmamalı və vətəndaşın əsas xərclərini ödəməyə imkan verən səviyyədə müəyyənləşdirilməlidir”.
Qeyd edək ki, Azərbaycanda hazırda minimum əməkhaqqı 400 manatdır.
