“Biz başa düşməliyik ki, indiki İran müharibə vəziyyətindədir. Yəni onun geopolitik vəziyyəti günü-gündən dəyişir. Bu baxımdan, hansısa bir kiçik ölçüdə olan səfirin təlimatlarının ardıcıl şəkildə dəyişdiyinə inanmıram”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, yaxın gələcəkdə bu mövzuya aid İranın mövqeyi daha konstruktiv olacaq:
“Qısacası, səfir diplomatik baxımdan İranın maraqlarına uyğun olmayan bir bəyanat verdi. Əminəm ki, yaxın gələcəkdə bu mövzuya aid İranın mövqeyi daha konstruktiv olacaqdır. Ən azı ona görə ki, indi Azərbaycan demək olar ki, İrana humanitar yardımın çatdırıldığı yeganə ölkələrdən biridir. Bu baxımdan, belə bir vəziyyətdə dost və qardaş xalq olan Azərbaycana qarşı bu cür bəyanatlar səsləndirmək diplomatik və siyasi məntiq baxımından əsassız və yersizdir”.
Politoloq əlavə edib ki, bizim üçün ən yaxşı variant tarixi ədalətin bərpa olunmasıdır:
“Mən hesab edirəm ki, ən yaxşı variant tarixi ədalətin bərpa olunmasıdır. Bilirsiniz ki, Azərbaycanın hələ də Ermənistanla mübahisəli olan əraziləri var, çünki delimitasiya və demarkasiya prosesi həllini tapmayıb. Bunu Moskva da təsdiqləyir. Yadınızdadırsa, vaxtilə onlar cavab verirdilər ki, sərhəd delimitasiyası və demarkasiyası tamamlanmadığı üçün KTMT-nin hansı sərhədləri müdafiə etməli olduğunu bilmirlər. Hər kəsin öz fikri var, lakin bizim üçün ən yaxşı variant tarixi ədalətin bərpa olunmasıdır”.
T. Zülfüqarov vurğulayıb ki, vaxtilə Azərbaycana qarşı tarixi ədalətsizlik edilib:
“Azərbaycan hökuməti digər yollarını və təhlükəsizliyini necə təmin edirsə, müvafiq qurumlarımız bu yolun da təhlükəsizliyini elə təmin edəcəklər. Çünki vaxtilə Azərbaycana qarşı tarixi ədalətsizlik edilib və ölkəmizi iki yerə bölüblər. Bunu bolşeviklər və kolonial qurumlar ediblər. Əslində, hansısa bir siyasi partiyanın qurumları Azərbaycan xalqının və heç kəsin rəyini soruşmadan bizim ərazimiz barədə qərar qəbul ediblər. Konstitusiyaya zidd olan hərbi və partiya qurumları qanunsuz qərar çıxarıblar. Ona görə də ən yaxşı yol bu haqsızlığa son qoyulması və vaxtilə bizdən qanunsuz alınan ərazilərin geri qaytarılmasıdır”.
Qeyd edək ki, ötən gün İranın Ermənistandakı səfiri Xəlil Şirqolami növbəti dəfə təxribatçı açıqlama verib. Şirqolami qeyd edib ki, alternativ nəqliyyat layihələrində də Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün əsas məsələ olaraq qalır. Səfir eyni zamanda diplomatik etikanı aşaraq Azərbaycana qarşı konkret tələb irəli sürüb.
“Azərbaycan Ermənistanla İran arasında Naxçıvan vasitəsilə əlaqənin təmin edilməsinə görə məsuliyyət daşımalıdır”, – Şirqolami bildirib.
