Moskvada Dövlət Dumasına keçiriləcək seçkilərdə “Yaşıllar” partiyasından deputatlığa namizəd olan Yuliya Kuznetsova (Xarçenko) itkin düşüb.
KONKRET.az xəbər verir ki, “Slovo zashite” (“Müdafiə sözü”) layihəsinin məlumatına görə, Yuliya Kuznetsova və həyat yoldaşı paytaxtdakı polis bölmələrindən birində ola bilər. Bildirilir ki,
Kuznetsova sentyabrın 17-si axşam seçicilərlə keçirdiyi görüşdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Sentyabrın 18-də səhər saatlarından etibarən namizədin seçki məntəqələrindəki müşahidəçiləri Kuznetsovanın adından yazıldığı iddia edilən ərizə əsasında geri çağırılmağa başlanılıb. “Slovo zashite” layihəsinin mənbələri həmin sənəddəki imzanın saxtalaşdırılmış ola biləcəyini bildiriblər.
Yuliya Kuznetsova Moskvadakı 195 saylı Babuşkinski birmandatlı seçki dairəsindən “Yaşıllar” partiyasının namizədi kimi seçkidə iştirak edir.
O, daha əvvəl siyasətçi Boris Nadejdinin seçki qərargahında çalışıb. Korrupsiyaya qarşı mübarizə fondunun (FBK) və Maksim Katsın komandası onu Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə səsvermə üçün tövsiyə olunan namizədlər siyahısına daxil edib.
Ağagül Mürsəlov,
KONKRET.az
