Tel-Əviv Universitetindən və bir sıra digər elmi mərkəzlərdən olan tədqiqatçılar apardıqları eksperimentlər nəticəsində belə qənaətə gəliblər ki, süni intellekt hazırda heyvanların dilini “tərcümə etmək” qabiliyyətinə malik deyil.
KONKRET.az xəbər verir ki, yoxlama üçün alimlər qeyri-adi bir model — hələ danışmağı öyrənməmiş balaca uşaqların çıxardığı səsləri istifadə ediblər.
Heyvanların ünsiyyətindən fərqli olaraq, bu halda böyüklər siqnalın mənasını heç olmasa təxmini olaraq müəyyən edə bilirlər.
Yazılar klassik akustik metodla və iki müasir dərin neyron şəbəkəsi ilə təhlil edilib: onlardan biri heyvan səslərinə, digəri isə insan nitqinə öyrədilmişdi.
Neyron şəbəkələri akustik qanunauyğunluqların axtarışında ənənəvi metoddan daha yaxşı nəticə göstərsə də, səsləri mənalarına görə etibarlı şəkildə təsnif edə bilməyiblər.
Alimlər belə nəticəyə gəlirlər ki, heyvanların ünsiyyətinin həqiqi mənada deşifrə edilməsi üçün sadəcə böyük miqdarda səs yazısı toplayıb süni intellektə ötürmək kifayət deyil.
Eyni zamanda heyvanların davranışını, verilən siqnallara reaksiyasını, bəzi hallarda isə hətta sinir sisteminin işini də paralel şəkildə öyrənmək lazımdır.
Ağagül Mürsəlov,
KONKRET.az
