“Azərbaycanı təhdid etmək onlara çox baha başa gələ bilər” – AÇIQLAMAbackend

“Azərbaycanı təhdid etmək onlara çox baha başa gələ bilər” – AÇIQLAMA

Son dövrlərdə Rusiyanın SSRİ-ni yenidən bərpa etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xarici mətbuatda Rusiya Prezidenti Vladimir Putinin keçmiş ittifaqı bərpa etmək iddiaları irəli sürülür. Bəzi mənbələr yazır ki, Rusiya bu istiqamətdə ilk addım kimi Ukraynada müharibəyə başladı. Bu günlərdə isə Ukraynalı jurnalist Dmitri Qordon deyib ki, Putin məqsədləri üçün Azərbaycandan başqa, demək olar ki, keçmiş Sovet İttifaqı ölkələrinin hamısını ələ keçirmək istəyir.  O əlavə edib ki, Rusiya Azərbaycana burnunu soxmayacaq, çünki onun güclü ordusu var.

Maraqlıdır, Ukraynalı jurnalist niyə Azərbaycanı istisna kimi qeyd edib? Rusiya həqiqətən də ittifaq yaradarsa Azərbaycana toxunmayacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, mətbuata ara-sıra belə məlumatlar sızdırılır və Rusiyanın 2023-2024-cü illərdə SSRİ-ni bərpa edəcəyi ilə bağlı fikirlər irəli sürülür:

“Rusiyanın öz corğafiyasını genişləndirəcəyi regionlar sırasında keçmiş SSRİ-yə daxil olan dövlətlərin adları çəkilir. Ukraynalı jurnalistin  səsləndirdiyi fikirlər bu tezislərin davamı kimi başa düşülməlidir. Əgər həqiqətən də belə bir strategiya və iddia varsa niyə dünyanın digər qütbü Rusiyanı qarşısın almır? Əslində bu hal bir daha Ukraynadakı müharibəni bizə xatırladır. Müharibəyə qədər Rusiyanın Ukraynaya hücum edəcəyinə dair fikirlər eşidirdik. Lakin təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən müharibənin qarşısını almaq üçün heç nə edilmədi. İndi Rusiyanın genişlənməsinə və SSRİ-nin bərpasına dünyanın adekvat reaksiya verəcəyi bəlli deyil. Görünür dünya yenə də Kremlin öz ambisiyalarını genişləndirməsinə göz yumacaq”.

Zaur Məmmədov

Politoloq fikirlərinə belə davam edib: “Qordonun səsləndirdiyi fikirlərə gəlincə isə, Azərbaycan digər MDB dövlətləri ilə müqayisədə hərbi gücü, siyasi və iqtisadi müstəqilliyi ilə fərqlənir. Dmitri Qordonun Azərbaycanı istisna hal kimi vurğulaması reallıqların beynəlxalq ekspertlər və politoloqlar tərəfindən qəbul etməsinin göstəricisidir. Bu gün həqiqətən də Azərbaycanın güclü ordusu və yaxşı dostları var. Çox çətin regionda yerləşməyimizə baxmayaraq rəsmi Bakı çox uğurlu siyasət yürüdür. Azərbaycan İran və Rusiya kimi dövlətlərlə sərhəddə yerləşir. Buna baxmayaraq Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət yürüdür. Hər kəs başa düşür ki, Azərbaycanla təhdid dili ilə danışmaq və ərazisini işğal etmək onlara çox baha başa gələ bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*