Türkiyədə səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov dünən maraqlı açıqlama edib.
Həmin açıqlamada deyilir: “Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavab gözləyir. Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmasını dərhal bildirsin. Deməliyəm ki, həmin sənəddə qeyd olunan müddəaların hamısı beynəlxalq münasibətlərin prinsipləridir və orada qeyri-adi şərhlər yoxdur”.
Nazir sənədin göndərildiyi vaxtı dəqiq demir. Amma bəllidir ki, aradan xeyli müddət keçib. Məsələnin maraqlı tərəfi odur ki, belə hallarda adətən Ermənistan tərəfi məsələyə çox tez reaksiya verir.
Əvvəlcə sənəd və yaxud təklif haqqında xəbər dövriyyəyə buraxılır, sonra isə rəsmi münasibət bildirilir. Lakin rəsmi İrəvan ənənəsini bu dəfə pozub. Azərbaycanın təşəbbüsü barədə inadkarcasına susur. Bu isə heç də yaxşı əlamət deyil.
Açıq demək lazımdır ki, hazırda 10 noyabr Anlaşmasının və 11 yanvar Bəyanatının icrası dalana dirənib. Bunun bir səbəbi Ukrayna münaqişəsidir. İkinci və əsas səbəbsə Ermənistanın ikili oyunlarıdır.
Məlumdur ki, 11 yanvar Bəyanatının əsas məğzi ondan ibarət idi ki, Ermənistan-Azərbaycan arasında kommunikasiya bərpa olunsun və bu hesabada Cənubi Qafqazda yeni nəqliyyat dəhlizi yaradılsın. Bu məqsədlə ötən ilin fevralında Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədirliyi ilə işçi qrupu yaradıldı. Bu işçi qrupunun da vəzifəsi o idi ki, ən geci 2021-ci ilin aprelinə qədər Cənubi Qafqazda kommunikasiyaların bərpası üçün texniki hesabat hazırlansın və ən qısa zamanda onun icrasına başlanılsın.
O zaman, çoxları ümid edirdi ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında kommunikasiya bərpa olunacaq. Lakin belə olmadı. Ermənistan müxtəlif vasitələrlə məsələni uzatdı. Gah parlament, daha sonra prezident seçkilərini ortaya atdı. Nəticə etibarı ilə İşçi qrupunun iş əmsalı sıfıra endirildi və hazırda bu barədə heç söhbət belə getmir.
Putinin başı Ukrayna münaqişəsinə, Paşinyanın başı isə ölkədaxili problemlərə qarışdığından 10 noyabr anlaşması və 11 yanvar Bəyanatı tamamilə unudulub. Azərbaycan tərəfinin 5 bənddən ibarət son təklifinin qarşı tərəfdən susqunluqla qarşılanması da bu və digər səbəblərlə bağlıdır. Amma hər halda bu susqunluq yaxşı əlamət deyil.
Deməli, Ermənistan hakimiyyəti danışıqların dondurulmasında maraqlıdır. Bunu rəsmi İrəvan heç gizlətmir də. Paşinyanın hazırda əsas hədəfi öz hakimiyyətini möhkəmlətmək və ölkədəki radikal siyasi və hərbi müxalifəti məhv etməkdir və bu istiqamətdə Paşinyan davamlı iş aparır.
Martın 3-də özünə ən sadiq adamlardan birini Ermənistan Prezidenti postuna oturtdu. Bununla da parlament seçkilərindən sonra Paşinyan müxalifət üzərində növbəti qələbəsini qazandı. Lakin qəti qələbəyə hələ çox var. Ona görə də prezident seçkilərindən sonra Nikol təcili Fransaya uçdu. Makronla pıçıldaşdı. Sonra isə Putinin hüzurunda oldu.
Xatırladaq ki, ermənilərin tarixən ən böyük müdafiəçiləri bu iki dövlət olub. Hazırda bu iki dövlətdə ciddi siyasi proseslər gedir. Fransa növbəti prezident seçkilərinə hazırlaşır. Rusiya isə ağır və sonu görünməyən Ukrayna münaqişəsinə girişib.
Adətən belə məsul dövrlərdə erməni diasporu aktivləşir. Qarşı tərəfdən daha çox şey qopartmaq üçün ciddi həmlələr edir. Paşinyanın Fransa və Rusiya səfərlərinin də məqsədi məhz Ermənistan üçün bu dövlətlərdən nəsə almaqdır. Ən azından öz hakimiyyətinin dayanıqlılığı üçün Parisdən və Moskvadan ciddi maliyyə və siyasi dəstək almaq ümidindədir. Təbii ki, belə “məsul” zamanda Paşinyanın Azərbaycanla münasibətlərin normallaşdırılması yadına düşmür. Əksinə, Nikol Azərbaycana təzyiq etmək üçün Yelisey sarayından və Kremldən gözləntiləri var. Bu gözləntilərsə bizim üçün pis sürprizdən başqa bir şey ola bilməz.
Yada salaq ki, ötən ilin əvvəllərində Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində aktiv işlər gedirdi. Lakin ilin ikinci yarısında bu proses qeyri-müəyyən səbəblər üzündən dayandırıldı. Bu gün isə bu barədə heç söhbət belə getmir. Əksinə, Azərbaycan son vaxtlar davamlı şəkildə erməni təxribatı ilə üzləşir.
Ermənistan ordusu sərhədboyu ərazilərdə, Qarabağdakı separatçılarsa təmas nöqtələri boyunca davamlı şəkildə mövqelərimizi atəşə tuturlar. Bu isə onu deməyə əsas verir ki, ermənilər revanş həvəsindədirlər. Əslində bu istiqamətdə açıq fikirlər də səslənir. İrəvanda və Xankəndində deyilir ki, “Biz döyüşü uduzmuşuq, amma mübarizəmizdən bir addım da olsun geri çəkildiyimiz yoxdur”. Son günlər Qarabağda separatçıların aktivləşməsi və silahlı müqavimətin göstərilməsi də bunun sübutudur.
Yada salaq ki, ötən ilin yanvarında Rusiya sülhməramlıları bəyan etmişdi ki, fevral ayından Qarabağda silahlı erməni birləşmələrinin ləğvinə başlayacaq. O vaxtdan bir ildən artıq vaxt keçib, lakin Qarabağda erməni silahlı birləşmələri tərksilah edilməyib. Əksinə, onlar xeyli əl-qol açıb.
Xatırladaq ki, bir il bundan qabaq separatçılar bu qədər sərbəst deyildi. Lakin indi aktiv müqavimət göstərilir. Separatçılar bir tərəfdən davamlı şəkildə mövqelərimizə hücum edir, digər tərəfdən isə rus sülhməramlıları ilə Ağdərə-Kəlbəcər və Xankəndi-Gorus nəqliyyat dəhlizlərində post-patrul nəzarəti həyata keçirirlər.
Hələ Xankəndindən Azərbaycana qarşı səslənən həyasız fikirləri demirəm. Nəhayət, Ceyhun Bayramovun söylədiyi 5 bəndlik təkliflər paketinə İrəvanın səssiz qalması və Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli danışıqların dalana dirənməsi və silahlı separatçıların Qarabağda aktivləşməsi qorxulu şeylərdən xəbər verir. Diqqətli olmalıyıq…
Surxay Atakişiyev,
KONKRET.az
