AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq, dosent Dmitriy Kiriçenkonun rus dilində olan “Azərbaycanın paleoantropologiyası (e.ə. VII- b.e. V əsrlər)” (“Палеоантропология Азербайджана (VII в. до н.э. – V в. н.э.)”, Bakı, 2020, “Apostrof-A”, 208 s.) adlı monoqrafiyası nəşr edilib.
KONKRET.az xəbər verir ki, monoqrafiyada Azərbaycanın göstərilən dövrə aid müxtəlif tipli qəbir abidələrindən olan kranioloji seriyalar və kəllələr nəzərdən keçirilir.
Əsər üç fəsildən ibarətdir. Monoqrafiyanın birinci fəslində skif dövrünün (e.ə. VII-IV əsrlər) paleoantropoloji materiallarının tədqiqinin nəticələri əks olunur. Tədqiqata Mingəçevir, Fazıllı (Şəki rayonu), Qazıqulu (Tovuz rayonu) nekropollarından və Sarıtəpə yaşayış yerindən (Qazax rayonu) tapılmış kranioloji materiallara cəlb edilmişdi. Tədqiqatlar göstərir ki, Azərbaycan skifləri başqa skif qrupları (Ukraynanın və Macarıstanın çöl skif seriyaları) ilə oxşarlığa malik idilər. Lakin onlar Azərbaycanda olduqları müddətdə yerli əhali ilə qarşılıqlı təmasda olmuş və onlarla qaynayıb qarışmışlar. Bu dövrün paleoantropoloji materialları göstərir ki, Azərbaycanın əsas əhalisi avropoid irqinin cənub qolununu Kaspi antropoloji tipinə aid idi.
Əsərin ikinci fəslində Azərbaycanın antik dövr qəbir abidələrində zəif və sıx bükülü skeletli torpaq, gil -sarkofaq (təknə), küp, taxta qutu, daş qutu, katakomba qəbirlərində və eramızın ilk əsrlərinin uzadılmış skeletli torpaq qəbirlərindən olan kranioloji seriyalar və müxtəlif tipli kəllələr nəzərdən keçirilir. Tədqiqata e.ə. V-III əsrlərlə tarixlənən Mingəçevirdən, Xəncəritənqobu Balakəndəki, Ağsu rayonundakı Qəqəli, Şəmahıdənki Xınıslı nekropolundan, Şəkidəki antik dövrə aid dağılmış qəbirlərdən, Yardımlıdakı Alar nekropolundan, Qusardakı Gicanoba, Quba rayonundakı Sandıqtəpə abidələrinin müxtəlif çeşidli qəbir tiplərindən tapılmış paleoantropoloji materiallar nəzərdən keçirilib. Tədqiqatların nəticələrinə görə, göstərilən dövrdə müxtəlif tip qəbirlərdən aşkar edilmiş paleoantropoloji materiallar ölkəmizin ərazisində, həmçinin, bütövlükdə Cənubi Qafqazda əsasən hələ mezolit dövründən mövcud olan dolixo-mezokran Kaspi antropoloji tipinin üstün oldugunu nümayiş etdirir.
Monoqrafiyanın üçüncü fəslində bizim eranın ilk əsrlərində Azərbaycan ərazisində süni deformasiya adətinin yaranması və yayılması məsələləri, antik dövrə aid kəllələr üzərindəki trepanasiyalar, zədələr və patologiyalar nəzərdən keçirilir. Azərbaycan ərazisində eramızın ilk əsrlərində yayılmış süni deformasiya Mingəçevirin, Quxurobanın, Alıxocanın, Qəbələnin, Şəkinin katakomb, Xınıslının, Dəmirçinin daş qutu, Gicanoba, II Xucbala, V Sandıqtəpə nekropollarının uzadılmış skeletli torpaq qəbirlərində aşkar edilib.
Başın deformasiya adətinin tarixi Azərbaycan ərazisində yaranmasını Sarmat -Alan çevrəsi tayfalarının gəlişi ilə ehtimal edilir. Yerli Alban tayfaları o zamankı dəbə uyğun olaraq və ya cəmiyyətin elit hissəsinə mənsubluq kimi bu adəti qismən mənimsəyiblər. Fəsildə deformasiya və trepanasiyaların təsnufatı da aparılıb.
Monoqrafiyada kranioloji ölçmələrin geniş tabloları və tədqiq edilmiş paleoantropoloji materailların foto və qrafik təsvirlərini əks etdirən illüstrasiyalar öz əksini tapıb.
Tədqiqatların nəticəsinə görə, avropoid irqinin cənub (Aralıq dənizi) qolunun Kaspi antopoloji tipinin Azərbaycanda mezolit dövründən başlayaraq indiki zamanadək təmsil olunub. Bununla da Azərbaycan əhalisinin antropoloji vərəsəliyi qədimlərdən indiyədək qorunub saxlanılır.
Monoqrafiya antopoloqlar, arxeoloqlar, tarixçilər, həmçinin Azərbaycan, Qafqaz, Yaxın Şərq və bütövlükdə Avrasiya tarixinin antik dövrü ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. Əsər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 31 yanvar 2020 -ci il tarixli Elmi Şurasının qərarı (protokol N1) ilə çap edilib.
