Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub.
KONKRET.az Yurd.Media-a istinadla xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur.
DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmış və qurumun əvvəlki sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınan polkovnik Nüsrət Qənbər oğlu Qurbanov 2023-cü ilin aprel ayında general-leytenant Şahin Bağırovun əmri ilə vəzifəsindən azad olunub.
Nüsrət Qurbanov hazırda “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq” MMC-nin təsisçi – inzibati idarəetmə və insan resursları departamentinin rəisi vəzifəsində çalışır.
Nüsrət Qurbanov ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qardaşıdır.
Qeyd edək ki, iki gün əvvəl Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarənin toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb. Toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.
Nicat Qurbanovun ailə həyatı qurduğu Sitarə xanımın isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızı olduğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışdığı bildirilir.
