Dünən axşam saatlarında Bakının bəzi ərazilərinə güclü dolu yağıb. Aprel ayının ortasında dolunun yağması insanları təəccübləndirib.
Bəs aprel ayında dolunun yağması normaldır?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqlimşünas Şirin Cəbrayılov Milli.Az-a bildirib ki, Aprel ayında Bakı şəhərində dolu yağmasının müşahidə olunması iqlim baxımından normal sayılır.
“Yazın ortalarında atmosferdə qeyri-sabitlik artır və bu da dolu kimi hadisələrin yaranmasına şərait yaradır. Bu dövrdə isti və soyuq hava kütlələrinin toqquşması güclü konvektiv buludların formalaşmasına səbəb olur”.
İqlimşünas qeyd edib ki, günəş radiasiyasının artması ilə yer səthi sürətlə isinərkən, yuxarı atmosfer qatlarında temperaturun aşağı qalması şaquli hava axınlarını gücləndirir.
“Nəticədə kümülonimbus buludları yaranır və bu buludlarda formalaşan buz dənəcikləri dolu şəklində yerə düşür. Xəzər dənizinin təsiri ilə rütubətin artması da bu prosesi daha da intensivləşdirir.Dolu hadisələri əsasən lokal xarakter daşıyır, qısa müddətli olur və daha çox aprel-may aylarında müşahidə edilir”, – deyə o qeyd edib.
