Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilibbackend

Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib

Bakıda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım toplanması kampaniyası ilk gün olduğu kimi sürətlə davam edir.

KONKRET.az xəbər verir ki, bu gün də xeyli sayda insan aksiyaya qoşulub, zərərçəkənlərə yardım gətirib.

Universitet tələbələri, eyni zamanda orta məktəb şagirdlərindən ibarət könüllülər geyimləri çeşidləyərək hüquq mühafizə orqanlarının əməkdaşlarına təqdim edirlər. Həmin o yüklər xüsusi təlim keçmiş itlər vasitəsilə yoxlanılaraq daşınması üçün nəzərdə tutulan TIR-lara yüklənilir.

Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy “Report”a açıqlamasında deyib ki, zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib.

Onun sözlərinə görə, artıq beşinci gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: “Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Təkcə dünən 23 TIR yardım göndərmişik. Ümumilikdə indiyədək zəlzələ bölgəsinə 88 TIR yardım yola salmışıq. Bu gün isə 20-25 TIR-ın yola salınması nəzərdə tutulur”.

O.Aksoy geyinilmiş (ikinci əl) geyimlərin qəbul edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: “İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. İkinci əl geyimlərin nisbətən yaxşı vəziyyətdə olanları kimyəvi təmizləmədən sonra paketlənib, göndərilir. Gənclər və İdman Nazirliyi bizə çox böyük dəstək olur. Azərbaycanın digər qurumlarının da dəstəyini görürük. Azərbaycan universitetlərinin tələbələri, eyni zamanda orta məktəb şagirdləri bura könüllü olaraq gəlir və çeşidləmədə yardımçı olurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*