Hərbi xidmətə yararsız sayılanları hansı qaydalar gözləyir? – DETALLARbackend

Hərbi xidmətə yararsız sayılanları hansı qaydalar gözləyir? – DETALLAR

Hərbi xidmətə tam sağlam şəkildə yollanan bəzi əsgərlər xidmət müddətində səhhətlərində yaranan problemlərə görə vaxtından əvvəl tərxis olunurlar. Lakin bu zaman onların hərbi sənədlərində “hərbi xidmətə yararsız” qeydi aparılır.

Bəs xidmətə yararlı hesab edilərək orduya çağırılan şəxslərə sonradan niyə bu status verilir və onların adi qaydada hərbi bilet almasına hansı amillər təsir göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, vətəndaşlar hərbi xidmətə çağırılarkən hərbi-həkim komissiyasının rəyinə əsasən yararlı hesab olunurlar.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

“ Lakin xidmət müddətində səhhətlərində ciddi problemlər yarandıqda onların hərbi xidmətə yararlılıq dərəcəsi yenidən qiymətləndirilir.

Hərbi xidmət zamanı xəstələnən və ya sağlamlıq vəziyyətinə görə xidmətini davam etdirə bilməyən şəxslərə müvafiq tibbi rəy əsasında yararsızlıq statusu verilir. Bu, onların ordu sıralarından tərxis olunması üçün əsasdır.

Belə şəxslərin hərbi xidmətə yararlılıq dərəcəsi mövcud qaydalara uyğun müəyyənləşdirilir. Müharibə dövründə onların bir qismi qismən yararlı hesab edilə bilər. Sülh dövründə isə hərbi xidmətə yararsız sayılan şəxslər yenidən xidmətə çağırılmırlar”.

Hərbi ekspert vurğulayıb ki, hərbi biletin müvafiq bölmələrində şəxsin hərbi xidmətə yararlılıq vəziyyəti ilə bağlı qeydlər aparılır. Xidmətə sağlam başlayan, lakin sonradan xəstələnərək tərxis edilən şəxslərin hərbi bileti olur və sənəddə müvafiq məlumatlar göstərilir.

Onun sözlərinə görə, hərbi xidmətə çağırılana qədər xəstəliyi aşkarlanan və bu səbəbdən xidmətə yararsız hesab edilən şəxslərlə bağlı isə fərqli prosedur tətbiq olunur. Əvvəlki illərdə bu şəxslərə də hərbi bilet verilirdisə, hazırda onların hərbi xidmətə yararsızlığı barədə məlumatlar elektron kabinetdə əks olunur.

Ü. Cəfərov əlavə edib ki, vətəndaşlar hərbi xidmətə münasibətləri və müvafiq qeydiyyatları barədə arayış və məlumatları “ASAN xidmət” mərkəzlərindən, Dövlət Sosial Müdafiə Fondunun müvafiq bölmələrindən, eləcə də qeydiyyatda olduqları rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən əldə edə bilərlər.

Beləliklə, hərbi xidmət zamanı səhhətində problem yarandığı üçün tərxis olunan şəxslərin hərbi biletində yararsızlıqla bağlı qeydin olması sənədin verilməsinə maneə deyil. Əsas məsələ şəxsin hərbi xidmətə yararlılıq vəziyyətinin tibbi rəy əsasında müəyyənləşdirilməsi və məlumatların müvafiq qaydada rəsmiləşdirilməsidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*