2027-ci ildə minimum əməkhaqqının artırılması gözlənilir. Hazırda bu məbləğ 400 manatdır. Son dövrdə həm inflyasiyanın, həm də orta aylıq əməkhaqqının artması minimum əməkhaqqının gələn ildən hansı səviyyəyə çatdırılacağı ilə bağlı gözləntiləri artırıb.
2027-ci ildə minimum əməkhaqqı nə qədər artırıla bilər? Bu artım hansı sahələrdə çalışanların maaşlarına təsir edəcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub:
“Çoxu düşünür ki, minimum əməkhaqqının artırılması yalnız hazırda 400 manat alan şəxslərə təsir edəcək. Dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin, büdcədən maliyyələşən müəssisələrdə bəzi işçilərin və digər özəl sektorlarda çalışanların əməkhaqqı sistemlərinə də ayrıca düzəlişlər edilə bilər. Həmçinin, minimum əməkhaqqı bir sıra ödənişlərin hesablanmasında hüquqi göstərici kimi istifadə olunur. Məsələn, hazırkı qaydalara əsasən müəyyən hallarda istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində ödənilən kompensasiyanın məbləği minimum əməkhaqqına bağlanır. Eləcə də, minimum əməkhaqqına bağlı olan bəzi sosial və digər ödənişlərin məbləği də arta bilər”.
V.Əhmədovanın sözlərinə görə, Azərbaycanda gəlir bölgüsündə qeyri-bərabərlik hökm sürür:
“Gəlirin böyük hissəsi az sayda sektorda cəmlənir və geniş əhali kütləsinə bərabər paylanmır. Nəticədə cəmiyyətin bir hissəsi yüksək həyat tərzi sürərkən, digər hissəsi isə əsas ehtiyaclarını çətinliklə qarşılayır. Minimum əməkhaqqı orta maaşın təxminən 50-60 faizi səviyyəsində müəyyən edilməlidir. Ölkəmizdə orta aylıq əməkhaqqı təxminən 900-1000 manat civarındadır. Bu yanaşmanı tətbiq etsək, minimum əməkhaqqı 500-600 manat olmalıdır. Əgər məqsəd sosial rifahı artırmaqdırsa, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizindən az olmamalıdır. Məsələn, Fransa və Portuqaliya kimi sosial yönümlü ölkələrdə də minimum əməkhaqqı adətən orta əməkhaqqının 50-60 faizi səviyyəsində müəyyən olunur. Bizim üçün əsas məqsəd həm yüksək, həm də davamlı və idarəolunan artımı təmin etmək, eyni zamanda, aşağı gəlirli qrupların geridə qalmamasına nail olmaqdır”.
