Bakını köçürmək planı gündəmdəbackend

Bakını köçürmək planı gündəmdə

Özbəkistan son illərdə iqtisadi və institusional islahatlarla yanaşı, şəhərsalma baxımından da miqyası ilə seçilən layihələr həyata keçirir. Bu layihələrin ən iddialılarından biri paytaxt Daşkəndin şərqində formalaşdırılan “Yeni Daşkənd” şəhəridir.

KONKRET.az xəbər verir ki, miqyasına, nəzərdə tutulan əhali sayına, nəqliyyat və sosial infrastrukturuna, eləcə də elm-təhsil və innovasiya funksiyalarına görə layihə, sadəcə, yeni yaşayış massivinin yaradılması deyil, Daşkəndin gələcək inkişaf modelinin dəyişdirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Yeni Daşkəndin 2 milyon nəfərlik müasir meqapolisə çevrilməsi, ilk mərhələdə isə 6 min hektar ərazidə 600 min nəfər üçün infrastruktur yaradılması nəzərdə tutulur.

Bu layihədən çıxış edərək, Bakının da ətrafında 2 milyon insan yaşayacağı şəhər salmaq olarmı? Paytaxtdakı sıxlığı, tıxacları nəzərə alsaq, bu ideya nə dərəcədə effektiv olar? İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, Bakının ətrafında xaotik şəkildə böyük yaşayış məntəqələri formalaşıb: “Məsələn, artıq yarım milyonluq nüfuza malik Sumqayıt Bakı ilə birləşib. Ələt qəsəbəsi demək olar ki, paytaxta qovuşur. Mərdəkan daxil olmaqla, digər kənd və qəsəbələr var. Nardaranda yarım milyonluq “Sea Breeze” layihəsi salınır ki, bu da faktiki olaraq peyk (sputnik) şəhər hesab olunur.

Düşünmürəm ki, Bakı üçün bu cür peyk şəhər layihələri uğurlu olsun. Çünki birincisi, Özbəkistanın əhalisi çoxdur – təxminən 40 milyon. İkincisi, Daşkənd elə bir coğrafi mövqedə yerləşir ki, ətrafında kifayət qədər boş ərazilər var və orada yeni şəhərlərin salınması mümkündür. Hesab edirəm ki, Azərbaycanda bir neçə milyonluq şəhərin yaradılmasına ehtiyac var. Məsələn, Xankəndi və Gəncəni milyonluq şəhərlərə çevirə bilərik. Mingəçevir, Lənkəran və Şəki kimi şəhərlərin potensialını artırmalıyıq ki, regional urbanizasiya (şəhərləşmə) prosesi sürətlənsin”.

Onun sözlərinə görə, indiki məqamda Azərbaycanda Bakıdan başqa müasir “şəhər” anlayışına tam cavab verən məkanlar demək olar, yox dərəcəsindədir: “Hətta digər böyük rayonlarda yaşayan sakinlərin öz aralarında “Şəhərə nə vaxt gedirsən” deyə müraciət etdiklərinə və qarşı tərəfin də burada Bakını nəzərdə tutduğuna dəfələrlə şahid olmuşam. Bu baxımdan yanaşdıqda, Bakı ətrafında yeni şəhər salmaqdansa, Azərbaycanın digər regionlarındakı mövcud şəhərlərin potensialını inkişaf etdirmək daha məqsədəuyğun və məntiqlidir”.

Memar Cahid Həsənov da məsələ ilə bağlı fikrini bölüşüb: “Son dövrlərdə Daşkənddə həyata keçirilən analoji layihələri müşahidə edirik. Lakin mənim illərdir bir urbanist və memar kimi verdiyim müsahibələrə, çıxışlarıma nəzər salsanız, görərsiniz ki, bu ideyanı vaxtilə mən də irəli sürmüşəm. Bakının mərkəzindəki sıxlığı azaltmaq üçün diplomatik mərkəzlərin, ali təhsil müəssisələrinin və inzibati qurumların Xocasən istiqamətinə köçürülməsini, beləliklə, paytaxt əhalisinin müəyyən hissəsinin o əraziyə yönləndirilməsini təklif etmişdim.

Bu məsələdə mühüm bir məqam var: təhsil müəssisələri köçürülərkən tələbələrin yaşayış şəraiti nəzərə alınmalıdır. Əgər tələbələr Əhmədli və ya Yasamal kimi ərazilərdə ucuz kirayə evlər tutub hər gün Xocasənə gedib-gələcəklərsə, bu, nəqliyyatda yeni tıxaclar yaradacaq. Universitetlərin müasir standartlara cavab verən öz yataqxana şəhərcikləri olmalıdır ki, tələbələr elə orada məskunlaşsınlar. Bu həm təhsilin keyfiyyətinə müsbət təsir göstərər, həm də tələbələrin gündəlik ictimai nəqliyyatdan istifadəsini minimuma endirər. Universitetlərin, hərbi hissələrin, diplomatik korpusların və dövlət nazirliklərinin şəhər mərkəzindən 50–70 km kənara çıxarılması Bakı mərkəzindəki sıxlığı ən azı 30–40% azaldar. Bu, sanki Bakının ikinci bir inzibati mərkəzinin (filialının) yaradılması demək olar”.

Memar qeyd edir ki, Bakının coğrafi mövqeyi də nəqliyyat infrastrukturunun genişləndirilməsini məhdudlaşdırır: “Şəhər dəniz sahilində yerləşdiyindən sağ cinahda hərəkət imkanı yoxdur. Sol cinahda isə XIX əsrin sonu – XX əsrin əvvəllərinə, eləcə də sovet dövrünə aid tarixi-memarlıq abidələri yerləşir. Bu bina və abidələri söküb yolları genişləndirmək imkansızdır. Nəticədə mərkəzdəki sıxlıq hər gün daha da gərginləşir.

Bakı inzibati yükdən azad olunmalı, daha çox turizm, mədəniyyət və istirahət şəhərinə çevrilməlidir. Xəzər sahili, yaşıl parklar və tarixi binamız turistlər üçün cəlbəedici mühit yaradır. Lakin mövcud tıxaclar və inzibati sıxlıq turist axınına da mənfi təsir göstərir. Biz insanlara rahat gəzinti və istirahət mühiti bəxş etməyi düşünməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*