Bakının TOZ DUMANI: COVID-19 bakteriyaları, YOXSA? – SƏS YAZISIbackend

Bakının TOZ DUMANI: COVID-19 bakteriyaları, YOXSA? - SƏS YAZISI

Bakıda doğulub-böyüyən hər kəsi son vaxtlar bir sual maraqlandırır. İndi göyün üzün vaxtaşırı bağlayan toz dumanı, axı əvvəllər yox idi. Heç Abşeron yarımadası tarixən də “dumanlı albion” olmayıb. Bəs bu toz dumanı hardan çıxdı?

KONKRET.az olaraq müşahidə və sorğularımız nəticəsində toz dumanı barədə insanlardan aldığımız əsas cavablar bunlardır:

– Koronavirus bakteriyaları havaya buraxılır və yoluxma artır.
– Rusiya, yaxud İran Azərbaycana qarşı iqlim silahlarından istifadə edir.
– Xəzərin dibində bazaları olan yadplanetlilər çöküşə hazırlaşır.

Yəni, cavablardakı uzlaşmalar, əsasən, tibbi gündəm, siyasi aktuallıq və mifologiyaya söykənir. Hamının fikirlərindəki toz dumanını aydınlaşdırmaq üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla müsahibə təşkil etdik və onun məsələyə münasibətini təqdim edirik:

“Baxın, mənim az-çox həm təcrübəm var, həm yaşım var, həm də bu sahədə çalışan bir mütəxəssisəm. Bunun obyektiv, subyektiv səbəbləri var. Amma tam sizin fikrinizə köklənirəm ki, obyektiv səbəblərə də səbəb olan əməllər yığışdırılmalıdır. Subyektiv səbəb odur ki, Bakı küləkli şəhərdir. Subyektiv səbəb odur ki, Bakıda əhalinin sayı artır. Sənayenin çoxu Bakı şəhərində formalaşıb. Nəqliyyatın sayı ildırım sürətilə artıb. Bunlar istər-istəməz Bakının çirklənməsinə təsir göstərir. Buna subyekt kimi yanaşmaq olar. Amma obyektiv səbəblər isə… Bu problemləri görürüksə, gəlin qabaqlayıcı tədbirlər həyata keçirək”.

Agentlik sədrinin fikrincə, toz dumanının digər səbəbi iqlim dəyişmələridir. Bakıdakı dumanlılıq, tozluluq Orta Asiyadan, cənubdan gələn qum qasırğalardır. Bu da müəyyən anlamda öz təsirini göstərir. Yəni, bunun koronavirusla əlaqəsi yoxdur:

“Bunun koronavirusa heç bir aidiyyatı yoxdur. Amma biz öz əlimizdən gələni etməli, öz havamızı, ekologiyamızı, meşə örtüyümüzü, çaylarımızı, Xəzər dənizini qorumalıyıq”.

Bir sözlə, özümüz nəfəs alırıqsa, başqalarına da nəfəs almaq üçün şərait yaratmalıyıq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*