Son zamanlar avtobus sürücülərinin davranışlarında müşahidə olunan səhlənkarlıq halları artmaqdadır. Bu məsələ yalnız sərnişinlərin təhlükəsizliyini deyil, həm də yol hərəkətində iştirak edən digər insanların həyatını ciddi təhlükə altına qoyur. Sürücülərin diqqətsiz davranışı, sürət həddini aşmaları, yol hərəkəti qaydalarına riayət etməmələri və ya iş zamanı telefon istifadəsi kimi hallar nəqliyyat sisteminin effektivliyinə kölgə salır. Bu problem həm fərdi məsuliyyət, həm də nəqliyyat qurumlarının nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu ortaya qoyur. Cəmiyyətin təhlükəsiz və etibarlı nəqliyyat sistemi ilə təmin edilməsi üçün avtobus sürücülərinin işə qəbul prosesində ciddi standartların tətbiq edilməsi zəruridir.
Təcrübəsizlik, qeyri-peşəkarlıq və diqqətsizlik kimi hallar yalnız sərnişinlərin təhlükəsizliyinə deyil, ümumi yol hərəkətinə də mənfi təsir göstərir. Bu səbəbdən, sürücülərin işə qəbulu zamanı yalnız onların texniki bacarıqları deyil, həm də psixoloji uyğunluğu və məsuliyyət hissi nəzərə alınmalıdır. Bu qaydaların müəyyənləşdirilməsi və tətbiqi yol qəzalarının azalması və ictimai nəqliyyatın keyfiyyətinin artırılması üçün mühüm addımdır.
KONKRET.az xəbər verir ki, bu barədə “Yenisabah.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, hazırda şirkətlər içərisində “BakuBus”-da işə qəbul proseduru daha təkminləşmiş formada həyata keçirilir:
“Belə ki, ilk olaraq, işə qəbul olunmaq istəyənlərin sağlamlıq nöqteyi-nəzərdən bütün sənədləri nəzərdən keçirilir, ondan sonra praktiki dərslər tətbiq olunur. Bütün bu proseslərdən sonra həmin şəxsin işə alının-alınmaması ilə bağlı qərar verilir. Bu baxımdan digər xətlər üzrə və daşıyıcı şirkətlərlə müqayisədə qismən də olsa standartlara uyğun olaraq nə isə demək olar”.
Ekspert onu da qeyd edib ki, “BakuBus” sürücüləri arasında da qeyri-qanuni hərəkət edənlər mövcuddur:
“Düşünürəm ki, aidiyyəti qurum buna qarşı mübarizə aparacaq. Bakı-Ələt yolunda Sahil qəsəbəsini Sahil metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə baş verən qəzaya gəldikdə isə demək olar ki, bu yalnız araşdırmalar nəticəsində hər hansısa fikir söyləmək mümkündür. Çünki çox qəliz bir qəzadır, fikir bildirmək olduqca çətindir. Hər halda təəssüf doğuran bir haldır ki, sərnişindaşıma ilə məşğul olan bir şirkətin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşur və yekunda insan həlak olur”.