Bankomatdan zədələnmiş pul çıxarsa, hara müraciət edilməlidir?backend

Bankomatdan zədələnmiş pul çıxarsa, hara müraciət edilməlidir?

Bankomatlardan pul çıxaran vətəndaşlar bəzən cırıq, zədəli əsginaslarla qarşılaşa bilirlər. Dövriyyədə olan pul nişanlarının müəyyən hissəsinin köhnəlməsi normal hal sayılsa da, bankomatlara yerləşdirilən əsginasların yararlı vəziyyətdə olması vacibdir.

KONKRET.az xəbər verir ki, cırılmış, üzərində yazılar olan, kənarları zədələnmiş və ya ciddi şəkildə köhnəlmiş pullar həm istifadə zamanı narahatlıq yaradır, həm də maliyyə əməliyyatlarında problemlərə səbəb olur.

Belə hallarda insanlar çox vaxt həmin pulu yalnız bankın öz filialında dəyişməyin mümkün olduğunu düşünürlər. Bu isə xüsusilə bölgələrdə yaşayan vətəndaşlar üçün əlavə vaxt itkisi və çətinlik yaradır.

Bəs bankomatdan zədəli pul çıxarsa, vətəndaş nə etməlidir?

Bank mütəxəssisi Əkrəm Həsənov mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, vətəndaş dərhal bankomatın çekini götürüb, pulun da şəklini çəkərək Mərkəzi Banka şikayət edə bilər.

“Şəkil və ya qəbz sonradan sübut kimi vacib olur. Mərkəzi Banka şikayət etməlidirlər, axı bank ümumiyyətlə niyə bankomatında zədəli pullar saxlayır? Marketlər zədəli pulları qəbul etmədiyinə görə, məcburdur yenə də banka getsin. Ya da Mərkəzi Bankın özündə dəyişsin. Digər banklar götürə də, imtina da edə bilər. Yəni kommersiya bankıdır. Sadəcə vətəndaşın hüququ pozulmuş sayılır və şikayət etmək haqqı var”.

Qeyd edək ki, Azərbaycanda dövriyyəyə yararlı olmayan əsginasların dəyişdirilməsi yalnız həmin bankın müştərisi olmaqla məhdudlaşmır. Əsginasın əsas hissəsi qorunubsa, bank onu qəbul edib dəyişməlidir.

Bu qaydalar Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilib. Əgər bank imtina edirsə, əvvəlcə bankın özünə, nəticə olmazsa Azərbaycan Mərkəzi Bankına müraciət edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*