Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirib.
KONKRET.AZ xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva “unikal.org”a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:
“Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Məgər evin fotosu düzgün çəkilib?! O oğlumun evidir. 1995-ci ildə alınmış torpaqda tikilib. O evin də həyətində oğlum qaloşla, botla gəzir. Mənim iki oğlum var. Hazırda onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır? Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər? Orda “lazer epilyasiya” yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola-ola 14 ildir işləmədiyi üçün yeri icarəyə götürüb. “Oba” market də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm. Karennoy Şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür”.

