Yanvar ayında ABŞ-nin Nyu-Hempşir ştatında keçirilən praymerizlərdən əvvəl prezident Co Baydenin səsini təqlid edərək seçicilərə süni intellekt vasitəsilə avtomatik zənglər edən şəxsə 6 milyon dollar cərimə kəsilib.
KONKRET.az xəbər verir ki, cərimə kəsilən şəxs siyasi məsləhətçi Steven Kramerdir.
Federal Rabitə Komissiyası Krameri “Zəng edənin Müəyyənləşdirilməsi Aktı”na uyğun olaraq 6 milyon dollar, Kramerin zənglər etdiyi Lingo Telecom şirkətini isə 2 milyon dollar cərimələyib.
Məsələ ilə bağlı ABŞ mətbuatına verdiyi açıqlamada ştatın baş prokuroru Con Formella Nyu-Hempşir ştatında keçirilən seçkilərin qanunsuz müdaxilədən azad olmasını təmin etməkdə qərarlı olduğunu bildirib. Kramerin məhkəməsi iyunun 5-də başlayacaq.
Nyu-Hempşirdə seçicilərin sıxışdırılması cinayətinə görə 3,5 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur, namizəd kimi təqdim etməklə saxtakarlıq etmək isə bir ilədək həbs cəzası ilə cəzalandırılır.
Fevral ayında Associated Press-ə verdiyi açıqlamada Kramer saxta robot zənglərin arxasında olduğunu etiraf edib və qərarında seçicilərə təsir göstərməyə çalışmadığını, sadəcə olaraq ictimaiyyətə həyəcan siqnalı göndərmək istədiyini söyləyib.
Natiq Səlim,
KONKRET.az