Avtomobil alarkən uzunmüddətli istismar xərclərinə birbaşa təsir edən ən dözümlü və problemsiz 10 avtomatik sürətlər qutusu modeli bəlli olub.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, düzgün və müntəzəm qulluqla yüz minlərlə kilometr problemsiz işləyə bilən avtomatik ötürmə sistemləri açıqlanıb. Yüksək fırlanma anı (tork) tutumu, mexaniki möhkəmliyi və aşağı nasazlıq göstəricisi ilə fərqlənən 10 müxtəlif sistem qiymətləndirmə siyahısında yer alıb.
Mexaniki quruluşu və dözümlülüyü ilə diqqət çəkən 10 avtomatik sürətlər qutusu və onların istifadə olunduğu markalar bunlardır:
AISIN 8-pilləli (AWF8F45): Toyota, Lexus, Peugeot və Citroën modellərində istifadə olunan sistem yüksək tork tutumu və uzunömürlülüyü ilə seçilir.
ZF 8HP (8-pilləli): BMW, Audi, Jaguar və Land Rover modellərində istifadə olunan bu ötürmə qutusu rəvan ötürmə keçidləri və yüksək mexaniki dözümlülüyü ilə fərqlənir.
Mercedes 9G-TRONIC (9-pilləli): Mercedes-Benz istehsalı olan bu sistem performans və yanacaq səmərəliliyini yüksək etibarlılıqla birləşdirir.
Toyota e-CVT (hibrid): Toyota və Lexus-un hibrid avtomobillərində istifadə olunan bu sistem sadə mexaniki quruluşu sayəsində aşağı nasazlıq riski olan transmissiyalar arasında göstərilir.
Honda CVT (Earth Dreams): Honda və Acura modellərində istifadə edilən bu sürətlər qutusu rəvan işləməsi və dözümlülüyü ilə siyahıda yer alır.
VW DSG (DQ250 – 6/7-pilləli): Volkswagen, Audi, SEAT və Škoda modellərində istifadə olunan yaş muftalı sistem sürətli ötürmə keçidlərini yüksək səmərəliliklə təmin edir.
Hyundai/Kia 8-pilləli AT: Hyundai və Kia-nın yeni nəsil avtomobillərində istifadə olunan tork konvertorlu sistem təkmilləşdirilmiş quruluşu və etibarlılığı ilə seçilir.
ZF 6HP (6-pilləli): BMW, Audi və Jaguar-ın əvvəlki nəsil modellərində istifadə olunan bu transmissiya sübut olunmuş mexaniki möhkəmliyi ilə tanınır.
Nissan Xtronic CVT: Nissan və Infiniti modellərində istifadə olunan sistem yanacağa qənaət və rəvan sürüş xüsusiyyətləri ilə seçilir.
Porsche PDK (7-pilləli): Porsche modellərində istifadə olunan iki muftalı sistem yüksək performansına baxmayaraq, dözümlülüyü ilə də diqqət çəkir.
Avtomobil alarkən mühərrik qədər sürətlər qutusunun etibarlılığı da avtomobil sahibinin ümumi istismar xərclərinə birbaşa təsir göstərir. Mürəkkəb mexaniki quruluşa malik sistemlərdə yarana biləcək nasazlıqlar yüksək təmir xərclərinə səbəb ola bilər. Siyahıda yer alan transmissiyalar isə müntəzəm texniki qulluq göstərildikdə uzun xidmət müddəti ilə seçilir.
