Azərbaycanda son dövrlər müşahidə olunan qeyri-sabit hava şəraiti, mövsümlərin xarakterində baş verən dəyişikliklər və normadan artıq yağıntılar iqlim dəyişikliyinin ölkəmizə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bəs, bu il Azərbaycanda yağıntıların normadan artıq olmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, hazırda müşahidə olunan proseslər ənənəvi fəsil sərhədlərinin dəyişməsi və qlobal iqlim dəyişikliyinin yerli miqyasda yaratdığı ekstremal hava hadisələri ilə əlaqədardır.

Ekspertin sözlərinə görə, Azərbaycanda yağıntıların artmasına bir neçə əsas amil təsir göstərir.
“Azərbaycanın mürəkkəb relyefi, xüsusilə Böyük və Kiçik Qafqaz dağ silsilələri rütubətli hava kütlələrinin hərəkətinə mane olur və onların yüksəlməsinə səbəb olur. Hava kütlələri yüksəldikcə soyuyur, tərkibindəki rütubət isə sürətlə kondensasiya olunaraq dağlıq və dağətəyi ərazilərdə bol yağıntı şəklində düşür.
Digər mühüm amil qlobal iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsidir. Temperatur artdıqca atmosfer daha çox rütubət saxlaya bilir. Elmi hesablamalara görə, temperaturun hər 1 dərəcə Selsi artımı atmosferin rütubət tutumunu təxminən 7 faiz artırır. Bu isə yağıntıların daha qısa müddətdə və daha intensiv, əsasən leysan xarakterli olmasına səbəb olur.
Bundan başqa, Arktika və Şərqi Avropadan daxil olan soyuq hava cəbhələri ilə cənubdan və Aralıq dənizi hövzəsindən gələn isti hava kütlələrinin Azərbaycan və ətraf regionlarda tez-tez toqquşması atmosferdə qeyri-sabitliyi gücləndirir. Kəskin temperatur fərqləri güclü leysanların, ildırımın və dolunun yaranması üçün əlverişli şərait formalaşdırır.
Qara dəniz və Xəzər dənizi üzərində yaranan yerli siklonlar, həmçinin müxtəlif istiqamətlərdən ölkəyə daxil olan rütubətli hava axınları da yağıntıların miqdarına ciddi təsir göstərir. Bu proseslər xüsusilə ölkənin şimal, qərb və şərq rayonlarında, eləcə də Abşeron yarımadasında normadan artıq yağıntıların qeydə alınmasına səbəb ola bilər”.
Cavid Hüseynov vurğulayıb ki, sadalanan amillərin birgə təsiri nəticəsində son illər Azərbaycanda hava şəraiti daha dəyişkən xarakter alıb və qısa müddətdə intensiv yağıntıların baş vermə ehtimalı artıb.
Beləliklə, bu il ölkədə yağıntıların çox olmasını tək bir səbəblə izah etmək mümkün deyil. Azərbaycanın coğrafi mövqeyi, atmosfer cəbhələrinin qarşılıqlı təsiri, siklonik proseslər və qlobal iqlim dəyişikliyinin yaratdığı temperatur artımı birlikdə yağıntı rejiminə təsir göstərərək daha intensiv və qeyri-sabit hava şəraiti formalaşdırır.
Aynurə İsmayıl,
KONKRET.az
