Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmədə təqsirləndirilən Hüseyn Həşimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 16 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ilin fevral ayında Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində baş verib.
Belə ki, Hüseyn Həşimov həmin gün tanışı, zərərçəkmiş Mehdi Hüseynovla birlikdə spirtli içki qəbul edib. İçki məclisi zamanı Mehdi onun ünvanına nalayiq ifadələr işlətməsi tərəflər arasında mübahisəyə səbəb olub.
Cinayət işi materiallarında göstərilib ki, təqsirləndirilən şəxs baş vermiş mübahisədən sonra tanışından qisas almaq niyyətinə düşərək onu öldürmək qərarına gəlib. O, əvvəlcə Mehdi Hüseynovun alın nahiyəsinə ayaqla zərbə endirərək onu yerə yıxıb.
Daha sonra Hüseyn Həşimov üzərində olan şüşə butulkanı sındıraraq zərərçəkmişə çoxsaylı zərbələr vurub.
Hadisə zamanı Hüseyn Həşimov xüsusi amansızlıq nümayiş etdirib, Mehdiyə ağır əzab və işgəncə verdiyini dərk edib və buna baxmayaraq hərəkətlərini davam etdirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Mehdi Hüseynovun bədənində çoxsaylı deşilmiş-kəsilmiş yaralar, qabırğa sınıqları, müxtəlif nahiyələrdə qançırlar, sıyrıqlar və digər xəsarətlər aşkarlanıb.
Hüseyn Həşimovun hərəkətləri nəticəsində Mehdi Hüseynov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində vəfat edib.
Məhkəmə istintaqı zamanı ifadə verən o, özünü qismən təqsirli hesab etsə də, hadisənin baş verməsində əsas günahkarın zərərçəkmiş olduğunu deyib.
Onun sözlərinə görə, Mehdi Hüseynovla təxminən iki il ərzində dostluq münasibətləri olub və onlar dəfələrlə birlikdə spirtli içki qəbul ediblər.
Hüseyn Həşimov ifadəsində söyləyib ki, hadisə günü Mehdi Hüseynov ona qarşı nalayiq ifadələr işlədib, daha sonra isə onu öldürəcəyi ilə hədələyib. O iddia edib ki, zərərçəkmiş əvvəlcə ona şillə vurub və bundan sonra aralarında münaqişə yaranıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Mehdi Hüseynovu yerə yıxdıqdan sonra baş nahiyəsinə təpik vurub. Daha sonra isə içərisində araq olan şüşəni sındıraraq onunla zərərçəkmişə bir neçə zərbə endirib.
Hüseyn Həşimov məhkəmədə bildirib ki, hadisə zamanı öz hərəkətlərinə tam nəzarət edə bilməyib, psixoloji problemlərdən əziyyət çəkib və zərərçəkmişin ölməsini istəməyib.
Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, hadisədən sonra özü polis şöbəsinə gedərək təslim olub və törətdiyi əmələ görə peşmanlıq hissi keçirib.
Məhkəmədə dindirilən Hüseyn Həşimovun anası isə oğlunun uzun illərdir psixoloji problemlərdən əziyyət çəkdiyini söyləyib.
Şahid qismində ifadə verən ana qeyd edib ki, oğlu yeddi yaşında olarkən ağır travma alıb və həmin vaxtdan etibarən davranışlarında dəyişikliklər müşahidə olunub.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs müxtəlif dövrlərdə psixiatriya müəssisələrində müalicə alıb, gecələr yatmayıb, öz-özünə danışıb və ailə üzvlərinin daimi nəzarəti altında olub.
Şahid həmçinin bildirib ki, hadisə günü oğlunun evdən çıxdığını, lakin geri qayıtmadığını görüb. Sonradan qonşulardan birinin ona oğlunun kimisə öldürdüyünü dediyini, lakin əvvəlcə buna inanmadığını söyləyib.
