Almaniya hökuməti uzaqmənzilli silahlardan ibarət yeni arsenal yaratmağa hazırlaşır. Layihənin ümumi dəyərinin təxminən 12 milyard avro olacağı bildirilir.
KONKRET.az xəbər verir ki,məlumat Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən Politico tərəfindən yayılıb.
Plan çərçivəsində yüzlərlə, hətta minlərlə kilometr məsafədəki hədəfləri vurmağa imkan verən silah sistemlərinin əldə edilməsi nəzərdə tutulur. Söhbət komanda məntəqələri, aerodromlar, raket qurğuları və təchizat mərkəzləri kimi uzaq məsafədə yerləşən hədəfləri məhv edə biləcək vasitələrdən gedir.
Məlumata görə, Almaniyanın planı dörd mərhələdən ibarətdir. İlk mərhələdə daha ucuz və kütləvi istehsala uyğun qanadlı raketlərin alınması nəzərdə tutulur. Namizədlər arasında ABŞ-İsrail istehsalı “Anthem”, eləcə də Ukraynanın “Flamingo” və “BARS” sistemləri göstərilir.
İlk sistemlərin 2027-ci ildən etibarən Almaniyaya təhvil verilməsi planlaşdırılır. Daha inkişaf etmiş silah sistemlərinin, o cümlədən hipersəs sürüşmə blokunun isə 2030-cu illərin ortalarında əldə edilməsi gözlənilir.
Beləliklə, Berlin uzunmüddətli perspektivdə yüzlərlə və minlərlə kilometr məsafədə zərbə imkanlarına malik çoxmərhələli uzaqmənzilli silah arsenalı formalaşdırmağı planlaşdırır.
Günay Əli
KONKRET.az