Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqlar üçün zərərsiz olduğu düşünülsə də, onların tərkibində müxtəlif kimyəvi maddələr və qoruyucu əlavələr mövcuddur.
Bəs bu maddələr uşaqların dərisinə, tənəffüs yollarına və həzm sisteminə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı pediatr Elşən Tağıyev KONKRET.az-a açıqlamasında bildirib ki, su əsaslı boyalar həlledici tərkibli məhsullarla müqayisədə uşaqlar üçün daha təhlükəsiz seçim hesab olunur. Amerika Pediatriya Akademiyası da həlledicilərin olmadığına görə bu növ boyalara üstünlük verir. Çünki həlledicilərin təsadüfən, hətta az miqdarda udulması belə ağır zəhərlənməyə səbəb ola bilər.

“Su əsaslı boyaların tamamilə zərərsiz olduğunu düşünmək düzgün deyil. Belə məhsulların tərkibində piqmentlər, bağlayıcılar və boyanın xarab olmasının qarşısını alan qoruyucu maddələr yer alır. Xüsusilə metilizotiazolinon (MI) və xlorometilizotiazolinon (CMI) kimi qoruyucular bəzi uşaqlarda allergik reaksiyalar yarada bilər.
Bu maddələrlə təmas nəticəsində dəridə qızartı, qaşınma və ekzemaya bənzər səpkilər meydana çıxa bilər. Həssaslığı olan uşaqlarda allergik kontakt dermatit riski daha yüksəkdir”.
Elşən Tağıyev boyanın təsadüfən udulmasının da valideynlər üçün ciddi diqqət tələb edən məsələ olduğunu vurğulayıb.
“Azyaşlı uşaqlar rəsm çəkərkən əllərini və fırçanı ağızlarına apara bilirlər. Avropa standartı EN 71-7 də barmaq boyalarının istehsalında bu ehtimalı nəzərə alır, qoruyucu maddələrin istifadəsini məhdudlaşdırır və müəyyən zərərli aromatik aminlərin əmələ gəlməsinə səbəb ola bilən azo boyaq maddələrini qadağan edir”.
Tənəffüs yollarına gəlincə, pediatr bildirib ki, fırça ilə istifadə edilən su əsaslı boyalarda inhalyasiya riski əsas təhlükə kimi göstərilmir. Bu məhsulların başlıca üstünlüyü tərkiblərində həlledicilərin olmamasıdır.
Həkim valideynlərə boya seçərkən məhsulun etiketinə və təhlükəsizlik göstəricilərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
“Qablaşdırmada “Conforms to ASTM D4236” ifadəsinin və ACMI sertifikat nişanının olması vacib göstəricilərdir. Bununla belə, yalnız “non-toxic” yazısına əsaslanaraq boyanın tam təhlükəsiz olduğu qənaətinə gəlmək olmaz.
Uşaqlar rəsm çəkərkən mütləq böyüklərin nəzarəti altında olmalı, iş bitdikdən sonra əlləri sabun və su ilə yuyulmalıdır. Fırçanın yalamasına və boyanın ağıza aparılmasına yol verilməməlidir. Dəridə allergik əlamətlər yarandıqda məhsulun istifadəsi dayandırılmalı, boya udulduqda isə qablaşdırma saxlanılaraq həkimə və ya zəhərlənmə mərkəzinə müraciət edilməlidir”.
Aynurə İsmayıl
KONKRET.az
