Ted Kruz: “Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək”backend

Ted Kruz: “Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıların siyasi dayağına çevriləcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ-da aralıq seçkilər Respublikaçılar Partiyası üçün ciddi məğlubiyyətlə nəticələnib. Xüsusilə Texasda Demokratların əldə etdiyi uğurlar diqqət çəkib. ABŞ senatoru Ted Kruz baş verənləri partiyası üçün “Uotergeyt qalmaqalı səviyyəsində rədd edilmə” kimi qiymətləndirib.

Kruz noyabrın 5-də yayımlanan “Ted Kruzla hökm” (Verdict with Ted Cruz) podkastında seçkilərin nəticələrini şərh edib. O, Respublikaçıların Texasda üzləşdiyi ciddi itkilərə diqqət çəkərək ştatın siyasi mənzərəsində baş verən dəyişiklikləri etiraf edib.

“Texas mavi ştata çevrilib. Bunu dilə gətirmək çətindir. Amma ən azı bu gün Texas mavi ştatdır. Hazırda ştat səviyyəsində seçilmiş və vəzifəsində qalan yeganə respublikaçı mənəm. Heç vaxt belə bir söz deyəcəyimi düşünməzdim”, – deyə Kruz bildirib.

2030-cu ildə yenidən senator seçkilərində iştirak etməsi gözlənilən Kruzun sözlərinə görə, noyabrın 3-də keçirilən seçkilərdən sonra Texasda yüksək dövlət vəzifələrində Respublikaçıların mövqeləri ciddi şəkildə zəifləyib. Demokratlar ABŞ Senatında ştatı təmsil etmək hüququ, qubernatorluq və bir sıra digər dövlət vəzifələri uğrunda mübarizədə qələbə qazanıblar.

Senator bildirib ki, seçkilərdə qalib gələn demokrat Ceyms Talariko ilə də telefonla danışıb. Kruz söhbətin xoş keçdiyini və Texasın maraqları naminə onunla əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

“Əgər söhbət Hill-Kantri bölgəsində baş vermiş daşqınlardan zərər çəkənlərə yardım göstərilməsindən və ya Kosmik Akademiyanın Texasa köçürülməsinə nail olmaqdan gedirsə, biz birlikdə işləyəcəyik”, – deyə senator qeyd edib.

Bununla belə, Kruz Texas sakinlərinə zərər verəcəyini düşündüyü təşəbbüslərə, xüsusilə vergilərin artırılmasına qarşı mübarizə aparacağını bildirib.

“Mən Texası və Konstitusiyanı qorumaq üçün bütün gücümlə mübarizə aparacağam”, – deyə o vurğulayıb.

Senator seçkilərdəki məğlubiyyətdən sonra Respublikaçılar Partiyasının qarşısında duran vəzifələrə də toxunub. Onun fikrincə, partiya əvvəlki seçkilərdə dəstəyini itirdiyi sosial qrupların problemlərinə daha çox diqqət yetirməli və onların gündəlik həyatına birbaşa təsir edən siyasət yürütməlidir.

Kruzun sözlərinə görə, Respublikaçılar fəhlə və zəhmətkeş təbəqənin, yevangelist xristianların, fermerlərin və maldarların, gənclərin, eləcə də latınamerikalı seçicilərin dəstəyini itiriblər. Bunun əsas səbəbi isə partiyanın həmin təbəqələrin problemlərinin həlli istiqamətində kifayət qədər iş görməməsidir.

Xatırladaq ki, Ted Kruz 2013-cü ildən ABŞ Senatında Texas ştatını təmsil edir. Hüquq sahəsində fəaliyyət göstərmiş senator əvvəllər Texas ştatının baş hüquq müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb, 2024-cü ildə isə Senata üçüncü müddətə seçilib. Kruz Prinston Universitetində və Harvard Hüquq Məktəbində təhsil alıb, ABŞ Ali Məhkəməsinin keçmiş sədri Uilyam Renkvistin köməkçisi kimi də fəaliyyət göstərib.

Seçkilərin nəticələrini şərh edən senator məğlubiyyətin əsas səbəbini seçicilərin narazılığı ilə əlaqələndirib.

“İnsanlar qəzəbli olduqları üçün məhz belə səs verdilər”, – deyə Kruz bildirib.

O, seçicilərin narazılığına səbəb olan amillər sırasında Prezident Donald Trampın tətbiq etdiyi və məhsulların bahalaşmasına gətirib çıxaran gömrük rüsumlarını, eləcə də hələ də davam edən İranla müharibəni göstərib. Kruzun fikrincə, bu müharibənin artıq başa çatması barədə qərar verilməlidir.

Bütün məğlubiyyətlərə baxmayaraq, senator gələcəyə nikbin baxdığını bildirib. O, Texasın yenidən “qırmızı ştat” olacağına, Respublikaçılar Partiyasının isə əvvəlki mövqelərini bərpa edərək həqiqi fəhlə sinfinin partiyasına çevriləcəyinə inandığını söyləyib.

“Amma məni yaxşı dinləyin: biz Texası geri qaytaracağıq. Mən ümid və nikbinliklə doluyam”, – deyə Ted Kruz fikirlərini yekunlaşdırıb.

Müəllif: Mateo Rosiles

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*