Fotodakı şəxsin adı Ken Cuppidir. ABŞ-da yaşayan pilot həyatında ən bahalı pivəni məhz o uçuş zamanı daşıyıb.
İnsanla sistem arasındakı əbədi mübarizəni xatırladan bu hadisə Alyaskanın qarlı ərazilərində baş verib. Yaşlı pilotun sərnişinlərindən birinin üzərində spirtli içki aşkar edildikdən sonra, artıq 14 ildən çoxdur ki, o, təyyarəsini hakimiyyət orqanlarına verməmək üçün məhkəmələrdə mübarizə aparır. Dövlət isə təyyarəni “cinayət aləti” kimi müsadirə etmək istəyir.
Bu hekayədə hər şey var: pivə qalmaqalı, səma uğrunda mübarizə və bir təqaüdçü pilotun ABŞ məhkəmə sistemi ilə uzun sürən savaşı.
Hər şey necə başladı?
2012-ci ilin yazında Ken Cuppi 1969-cu il istehsalı olan Cessna təyyarəsi ilə Alyaskanın ucqar Biver kəndinə uçmağa hazırlaşırdı.
Lakin havaya qalxmadan əvvəl polis təyyarədə axtarış apardı. Məlum oldu ki, sərnişin qadın ərinə hədiyyə aparmaq üçün baqajında bir neçə banka pivə gizlədib. Bankalardan biri salonun içində görünən yerdə olduğuna görə hüquq-mühafizə orqanları pilotu da qanun pozuntusunun iştirakçısı hesab etdilər.
Nəticədə Ken və sərnişin 1 500 ABŞ dolları məbləğində cərimələnib və hər biri 3 sutka həbs cəzası alıb.
Səbəb isə bəzi Alyaska yaşayış məntəqələrində “quru qanun”un qüvvədə olması idi. 1981-ci ildən etibarən hər icma səsvermə yolu ilə öz ərazisində spirtli içkilərin satışına və istifadəsinə icazə verib-verməməyə özü qərar verir.
Bu qayda təsadüfi yaranmayıb. Alyaska uzun illər yüksək cinayətkarlıq, sosial problemlər və alkoqolizmdən əziyyət çəkib. Böyük şəhərlərdən kənarda yerləşən ucqar kəndlərdə insanların təcrid olunmuş şəraitdə yaşaması səbəbindən spirtli içkilərin həddindən artıq istifadəsi ciddi problemlər yaradırdı.
Ken Cuppinin müharibəsi
Pilotla Alyaska hakimiyyəti arasındakı qarşıdurma həmin hadisədən sonra başlayıb və artıq 14 ildir davam edir.
Məsələ 1 500 dollarlıq cərimə ilə bitməyib. Təyyarədə spirtli içki aşkar edildiyi üçün hakimiyyət Cessnanı “cinayətin aləti” hesab edərək müsadirə etmək qərarına gəlib.
Beləliklə, təxminən 95 min ABŞ dolları dəyərində olan təyyarə bir neçə dollarlıq pivə bankalarına görə müsadirə təhlükəsi ilə üzləşib.
Hazırda 82 yaşlı pilot hesab edir ki, törətdiyi qanun pozuntusuna görə artıq cəzasını çəkib. O, təyyarənin müsadirə edilməsini özbaşınalıq və açıq soyğunçuluq adlandırır və bunu məhkəmədə sübut etməyə çalışır.
O, nəyə ümid edir?
Ken Cuppi ABŞ Konstitusiyasının Səkkizinci Düzəlişinə istinad edir. Həmin düzəliş həddindən artıq ağır cəzaların tətbiqini qadağan edir.
Pilotun və vəkillərinin fikrincə, bir neçə banka pivəyə görə 95 min dollarlıq təyyarənin müsadirəsi cəzanın törədilən əmələ uyğun olmamasıdır.
Onlar 2019-cu ildə İndiana ştatında baş vermiş oxşar hadisəni də nümunə göstərirlər. Həmin işdə məhkəmə təxminən 40 min ABŞ dolları dəyərində avtomobilin sahibinə qaytarılması barədə qərar vermişdi.
Bundan başqa, müdafiə tərəfi bildirir ki, polis təyyarəni spirtli içkinin daşınmasının qadağan olunmadığı ərazidə saxlayıb. Onların fikrincə, pilot sərnişinləri “quru qanun” tətbiq olunan zonaya çatdırmaya da bilərdi və buna görə də faktiki qanun pozuntusu baş verməmişdi.
Lakin başqa bir sual da açıq qalır: uzun illər Alyaskada çalışan təcrübəli pilot həmin qanunları bilməyə bilərdimi?
Bu suala indiyədək dəqiq cavab verilməyib.
Hələlik isə təyyarə məhkəmə qərarı çıxana qədər istifadəsiz vəziyyətdə saxlanılır. Nə ştat ondan istifadə edə bilir, nə də sahibi.
Qeyd: Spirtli içkilərin həddindən artıq istifadəsi sağlamlığınıza zərər verir.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
