Yeni ilin ilk günü Bakıda “Patron”dan müştəriyə dəyən zərər, sözün əsl mənasında, güllə effekti yaradıb. Sabunçu rayon sakini Yusif Əliyevin mağazadan aldığı “Patron” tumlarının içindən çıxan iri daş parçası onun dişlərini zədələyib.
KONKRET.az-a hadisə ilə bağlı açıqlama verən Y.Əliyev “Patron” adlı paket günəbaxan tumunu yanvarın 1-də yaşadığı ərazidəki mağazalardan birindən aldığını bildirib. Qeyd edib ki, axşam radələrində film seyr edərkən tumu çırtlayan zaman ağzında bərk yad cisim hiss edib. İstehlakçı paketdən çıxan qara daş parçasını mexaniki olaraq ağzına apardığını və nəticədə həmin cismin dişlərini bərk zədələdiyini deyib.
Y.Əliyev məsələ ilə bağlı istehsalçı firmanın qaynar xəttilə əlaqə saxlayaraq, onlara irad bildirdiyini də qeyd edib. Lakin şirkətdən ona tumu çırtlayarkən ehtiyatlı olmaq tövsiyə edilib, iradının istehsalata çatdırılacağı deyilib. Üstəlik, alıcının paketdən çıxan daş parçasını nə üçün istehlak etdiyi istehza ilə qarşılanıb.
Y.Əliyevin firmanın Whatsapp nömrəsinə ünvanladığı sual-cavabla biz də tanış olduq. Və müştəri şikayəti ilə bağlı şirkət təmsilçilərindən eyni cavabı alacağımıza şübhə etməsək də, qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Lakin istehsalçı şirkətə açdığımız telefon zəngləri cavabsız qaldı.
Qeyd edək ki, sözügedən tumlar “Vəkiloğlu” MMC tərəfindən istehsal olunur. Və redaksiyamız vətəndaş iradıyla bağlı şirkətin rəsmi mövqeyini də işıqlandırmağa hazırdır.
Sevinc Paşayeva,
KONKRET.az
