1848-ci ildə Britaniya Ost-Hind Şirkəti şotland botanik Robert Forçunu gizli tapşırıqla Çinə göndərdi: çay bitkiləri əldə etmək və çay istehsalı texnologiyasını öyrənərək Britaniya Hindistanında onun becərilməsini təşkil etmək.
O dövrdə Çin Britaniyaya çayın əsas təchizatçısı idi. Britaniyalılar Çin idxalından asılılıqdan qurtulmağa çalışırdılar, lakin ən yaxşı çay plantasiyaları əcnəbilərin daxil olmasının qadağan olunduğu bölgələrdə yerləşirdi.
Oraya çatmaq üçün Forçun çinli kimi geyindi. Saçlarını qırxdırıb uzun hörük saxladı, ənənəvi paltar geyinərək özünü uzaq əyalətdən olan məmur kimi təqdim etdi. Bu, onun qeyri-adi aksentini izah etməyə imkan verirdi. Yüksək vəzifəli qonaq qiyafəsində botanik hətta çay fabrikinə də daxil olaraq yarpaqların emalı prosesini öyrəndi.
Forçun müəyyən etdi ki, yaşıl və qara çay eyni bitkidən alınır, aralarındakı fərq isə emal üsulu ilə bağlıdır. O, həmçinin toxumlar, şitillər və çay kollarının becərilməsi haqqında məlumat topladı.
Bitkilərin daşınması üçün uzun dəniz səyahəti zamanı onları qoruyan xüsusi şüşəli yeşiklərdən istifadə olunurdu. Forçun Çindən dörd gəmi ilə təxminən 20 min çay bitkisi göndərdi.
Onun ekspedisiyası Hindistanda çay sənayesinin inkişafına kömək etdi, baxmayaraq ki, yerli çay növləri orada onun gəlişindən əvvəl də becərilirdi. 1890-cı ilə qədər Hindistan artıq Britaniya çay bazarının təxminən 90%-ni təmin edirdi.
Ağagül Mürsəlov,
KONKRET.az
