Kaqotlar: Avropanın ən rəzil sayılan xalqıbackend

Kaqotlar: Avropanın ən rəzil sayılan xalqı

Avropa tarixində çoxlu qaranlıq səhifələr var və onlardan biri də kaqotların taleyidir. Bu sirli icma əsrlər boyu Fransanın qərbində və İspaniyanın şimalında yaşayaraq amansız təqiblərə və alçaldılmalara məruz qalıb. Bu nifrətin səbəbi hələ də tarixçiləri çaşdırır: kaqotların digər insanlardan yeganə görünən fərqi qulaq mərcəklərinin olmaması idi.

Onlar kimdir?

Kaqotlar haqqında ilk qeydlər XI əsrdən sonrakı mənbələrdə görünür. Onların adı özü artıq təhqir idi. Bu adın mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur:

· Breton dilindəki kakouz – “cüzamlı” sözündən.

· Oksitan dilindəki cago – kobud söyüşdən.

· Latın dilindəki canis gothus – “qot iti” ifadəsindən, bu da onların vestqotlardan olması ehtimalına işarə edə bilər.

Onların xarici görünüşü müxtəlif mənbələrdə fərqli təsvir olunur: qəhvəyi gözlü qarasaçlılardan tutmuş mavi gözlü sarışınlara qədər. Lakin bütün təsvirlərdə dəyişməz detal sözdə “dairəqulaqlıq” – qulaq mərcəklərinin olmaması idi. Bu fiziki fərq onları əsrlər boyu əziyyətə məhkum edən damğaya çevrildi.

Qanundan kənar həyat: alçaldıcı qadağalar sistemi

Kaqotlar üçün bütün həyatlarını əhatə edən bir növ aparteid sistemi yaradılmışdı. Onları həmişə tanımaq mümkün olsun deyə, paltarlarında nişan – tikilmiş qaz və ya ördək pəncəsi daşımalı idilər.

Onların ayrı-seçkiliyi xüsusilə dini sahədə nəzərə çarpırdı:

· Kilsəyə giriş – statuslarını daim xatırlatmaq üçün ayrıca alçaq qapıdan.

· İçəridə yerlər – digər ibadətçilərdən uzaqda, xüsusi arakəsmənin arxasında.

· Öz müqəddəs su qabları. Ümumi suya toxunmaq əlin kəsilməsi ilə cəzalandırılırdı.

· Komyon – uzun çubuğun ucunda, keşişin rəzil sayılana toxunmaması üçün.

Onlara kənd təsərrüfatı ilə məşğul olmaq, körpülərin məhəccərlərinə toxunmaq, ayaqyalın gəzmək və hətta hamının çimdiyi yerlərdə çimmək qadağan idi. Onlara ölümlə bağlı “murdar” rolu ayrılmışdı: onlar qəbirqazan, cəllad, dar ağacları tikən dülgər kimi işləyir və həmin məqsədlər üçün kəndir hörməklə məşğul olurdular. Yeganə icazə verilən və “təmiz” sayılan peşə balıqçılıq idi – hesab olunurdu ki, cüzam balıq vasitəsilə keçmir.

Paradoks: rəzil, lakin tələb olunan

Ümumi nifrətə baxmayaraq, kaqotlar paradoksal şəkildə bacarıqlı cərrahlar və mamaçalar kimi şöhrət qazanmışdılar. Həyat və ölüm məsələlərində mövhumatçı avropalılar öz qaydalarından geri çəkilməyə və sağlamlıqlarını “lənətə gəlmiş qəbilə”nin nümayəndələrinə etibar etməyə hazır idilər.

Hakimiyyət kaqotların ciddi uçotunu aparırdı. Rəsmi siyahılarda onların adlarının qarşısında həmişə peşələrini göstərən qeyd dururdu ki, bu da dərhal onların mənşəyini üzə çıxarırdı.

Məhrumların irsi

Kaqotlar digər vətəndaşlarla formal bərabər hüquqları yalnız 1789-cu il Böyük Fransa inqilabından sonra aldılar. Lakin əsrlər boyu formalaşmış qərəzler davamlı çıxdı. Bu gün belə Fransanın bəzi bölgələrində “kaqot” sözü ağır təhqir olaraq qalır.

Bu icmanın nəsilləri öz mənşələrini bəyan etmirlər. Onlardan heç biri “Mən kaqotam” deməz. Bu damğa xalqın yaddaşında insan dözümsüzlüyünün ən izahsız və qəddar təzahürlərindən birinin – mövhumat və yadlara qarşı qorxuya əsaslanan simvolu kimi əbədi qaldı.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*