1960-cı illərdə Türkiyənin Bitlis vilayətinin Mutki rayonunda Belkıs adlı bir qadının yaşadığı bildirilir. O, fövqəltəbii güclərə malik olduğu, cadugərliklə məşğul olduğu və cinlərlə əlaqə qurmağı bacardığı barədə yayılan rəvayətlərlə yadda qalıb.
Belkısın hekayəsi həmin dövrdə Bitlisin bəzi kəndlərində yeni doğulan körpələrin fiziki qüsurlarla dünyaya gəlməsi ilə başlayır. Kənd sakinləri baş verənlərin səbəbini anlaya bilmədiklərindən çıxış yolunu Belkısdan kömək istəməkdə görürlər.
Yerli əhali arasında onun sehrbazlıq qabiliyyətinə malik olduğuna, cinlərlə əlaqə saxladığına inanılırdı. Kəndlilər müraciət etdikdən sonra Belkıs körpələrin sağalması üçün müxtəlif ayin və mərasimlər keçirməyə başlayır.
Onun tətbiq etdiyi üsullar arasında körpələrin ətrafında dualar və dini ayələr oxumaq, onların üzərinə xüsusi dualar yazılmış tilsimlər qoymaq, eləcə də kölgələrlə əlaqə qurmağa çalışmaq kimi qəribə ritualların olduğu iddia edilir.
Belkısın həyata keçirdiyi bu mərasimlərin həqiqətən nəticə verib-vermədiyi barədə dəqiq məlumat yoxdur. Rəvayətlərə görə, bəzi kənd sakinləri onun müdaxiləsindən sonra körpələrinin sağaldığını iddia etsələr də, digərlərinin uşaqlarında fiziki qüsurlar davam edib.
İllər keçdikcə Belkıs haqqında danışılanlar ağızdan-ağıza yayılaraq sirli bir əfsanəyə çevrilib. Bəziləri onu cadugər, digərləri isə qeyri-adi müalicə üsullarına malik şəfaçı kimi təqdim edib.
Belkısın əslində kim olduğu, hansı şəraitdə yaşadığı və ona aid edilən fövqəltəbii qabiliyyətlərin həqiqətə nə dərəcədə uyğun gəldiyi bu gün də məlum deyil.
Bununla belə, onun adı Türkiyədə illərdir danışılan müəmmalı və qorxulu xalq rəvayətlərindən birinin qəhrəmanı kimi xatırlanır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
