“Ankara Şimali Atlantika Alyansının Ukraynadakı münaqişənin birbaşa iştirakçısına çevrilməsini istəmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, bu mövqeyini NATO-ya üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin qeyri-rəsmi görüşünün keçirildiyi Praqada türkiyəli jurnalistlərlə söhbətində açıqlayıb.
“Bu gün biz Ukrayna məsələsini ətraflı müzakirə etdik. Türkiyə Ukraynaya davamlı yardımı və onun çəkindirmə imkanlarını gücləndirməyi dəstəkləyir. Lakin biz NATO-nun bu müharibənin bir hissəsi olmasını istəmirik. NATO üzvləri bu balansın zəruriliyini anlamalı və dərk etməlidirlər. Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasına, itirilmiş ərazilərin ona qaytarılmasına yönəlmiş proses var. Digər tərəfdən, alyansın münaqişədə iştirakı daha da böhranlar gətirəcək və münaqişəni regiona yayacaq”, – deyə Hakan Fidan bildirib.
O vurğulayıb ki, NATO ölkələrinin əksəriyyəti Ankaranın Ukraynadakı münaqişənin diplomatik yolla həlliniə dair fikirlərini dəstəkləyir:
“NATO ölkələri [Ukraynaya] hərbi sahədə dəstək vermək səylərini davam etdirərkən, Türkiyə məsələni diplomatik müstəviyə çatdırmaq məsələsini gündəmə gətirir. Biz vurğulayırıq ki, problem təkcə hərbi yolla deyil, həm də dialoq yolu ilə davam edilməlidir. Əks halda, bütün bunlar daha böyük risklərə səbəb olacaq. Bundan əvvəl bəzi ölkələr bizimlə razılaşdı, indi görürük ki, get-gedə daha çox ölkələr bizim nöqteyi-nəzərimizi dəstəkləməyə başlayır”, – Türkiyə XİN rəhbəri əlavə edib.
Burhan,
KONKRET.az
