“Böyük Qayıdış” sürətlənir: Azad edilən torpaqlara köç davam edir…backend

“Böyük Qayıdış” sürətlənir: Azad edilən torpaqlara köç davam edir...

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti olaraq əldə etdiyimiz möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdıq. Azərbaycanın işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsi azad olundu. Daha sonra həyata keçirilən lokal əməliyyatlar və nəhayət 2023-cü il Qarabağ antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazilərinə tam nəzarəti bərpa etdi və faktiki olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya başqa bir reallığa da şahidlik etdi. Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi. Cəbrayıl, Füzuli, Ağdam şəhərlərində, bu rayonların kənd və qəsəbələrində bir yaşayış binası, bir ev belə salamat qalmayıb. Erməni vandalları evləri daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar.

Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış isə çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək.

İndi isə bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolundadır.  Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan  Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

Azərbaycan dövləti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam edir. Yenidən qurulan şəhər və kəndlərə sakinlərin yerləşdirilməsi ölkənin əsas prioritet istiqamətlərindən biri hesab olunur.

Maraqlıdır, “Böyük Qayıdış” proqramının icrası hazırda hansı mərhələdədir və prosesin gələcək perspektivləri necə qiymətləndirilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, “Böyük Qayıdış” proqramı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm strateji layihələrdən biridir.

Politoloq Zeynal Əmrəliyev: "İran ABŞ-nin Hörmüz boğazının blokadasına hərbi cavab verərsə, müharibə yenidən alovlana bilər"

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır və mərhələli şəkildə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir:

“Bu proses təkcə insanların öz evlərinə qayıtması deyil, həm də regionun sosial-iqtisadi dirçəlişi deməkdir. Dövlət tərəfindən yollar, məktəblər, xəstəxanalar, enerji və su təchizatı sistemləri qurulur. Məqsəd həmin ərazilərdə dayanıqlı yaşayış və iqtisadi fəaliyyət üçün bütün zəruri şəraiti formalaşdırmaqdır”.

Politoloq qeyd edib ki, qayıdış prosesinin sürəti ilk növbədə təhlükəsizlik məsələləri, xüsusilə mina təmizləmə işləri və infrastrukturun hazır olmasından asılıdır:

“Azad olunmuş ərazilərin uzun illər işğal altında qalması ciddi dağıntılara səbəb olub. Buna görə də bərpa və yenidənqurma işləri müəyyən vaxt tələb edir. Buna baxmayaraq, görülən işlərin miqyası və tempi göstərir ki, dövlət qarşıya qoyduğu hədəflərə ardıcıl şəkildə nail olur”.

  1. Əmrəliyevin sözlərinə görə, “Böyük Qayıdış” proqramı yalnız humanitar layihə deyil, eyni zamanda Azərbaycanın regional inkişaf strategiyasının mühüm tərkib hissəsidir:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialının reallaşdırılması, yeni iş yerlərinin yaradılması və əhalinin məskunlaşması regionun gələcək inkişafında mühüm rol oynayacaq. Yaxın illərdə qayıdış prosesinin daha da genişlənməsi və azad olunmuş ərazilərdə məskunlaşan insanların sayının əhəmiyyətli dərəcədə artması gözlənilir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*