Qərbin Ermənistana dəstəyi davam edir. Uzun illər ATƏT-in Minsk qrupunda təmsil olunan ABŞ və Fransa özlərini Ermənistanın hamisi kimi aprdıqca çoxlu suallar yaranır.
1992-ci ildən 2020-ci ilə qədər Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edən bu dövlətlər doğurdanmı ədalətli olublar? Son 4 ildə baş verənlər göstərdi ki, onlar sadəcə vaxt udmaq və işğalı qanuniləşdirmək istəyiblər. İkinci Qarabağ müharibəsindən sonra Qərbin Azərbaycana qarşı düşmənçilik mövqeyi onların erməni sevgisindən, xristian təəssübkeşliyindən irəli gəlir. Bütün sahələrdə Ermənistanın maraqalrını qoruyan ABŞ və Fransa düşmən ölkəyə hərbi-siyasi dəstəyini də əsirgəmir. İki il əvvəl Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə cəmləməsi, heç də Aİ-nin xoş niyyətindən xəbər vermirdi. Makronun bir başa diktəsi ilə həyata keçirilən bu missiyanın məqsədi sərhəddə kəşfiyyat aparmaq idi. Əllərində binokl bütün günü Azərbaycan tərəfə boylanan kəşfiyyarçılar, məlumatı Parisə ötürməklə nəyəsə nail olmaq istəyirlər. Amma nəzərdən qaçırırlar ki, Azərbaycan ordusu onları daim nəzarətdə saxlayır və cəmləşmə nöqtələri daim izlənilir. Aİ isə Ermənistandakı müşahidəçilərinin sayını artırmaqla bu işi bir qədər də genişləndirib. Avropaya və Aİ-yə heç bir aidiyyatı olmayan Kanada kəşfiyyatçılarının da müşahidəçilər arasında yer alması, ciddi narahatlıq yaradır. Deməli, bunların hazırladıqları plan daha genişdir və sərhəddimizə toplaşanlar xoşməramlı missiyanın nümayəndələri deyillər. Üstəlik Avropa İttifaqının müşahidə missiyasının mandatının müddətini daha iki il uzatması da Qərbin pis niyyətindən xəbər verir.
Bunu KONKRET.az-a açıqlamasında “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da dedi. Politoloq bildirdi ki, Avropa İttifaqının bu qərarı Aİ-Azərbaycan münasibətlərinə əvvəlki kimi mənfi təsir göstəcək:
“Halbuki, Avropa İttifaqının Azərbaycanla bütün sahələrdə əməkdaçlığa ehtiyacı var. Aydındır ki, Aİ-də missiyanın vaxtını uzatmaqla elə hesab edirlər ki, Azərbaycan əleyhinə addım atmırlar. Onların məqsədi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Ermənistanla aralarındakı məsələni həll etmək onların öz problemidir. Amma başa düşməlidirlər ki, sərhəddimizdə dayanıb, binoklla daim Azərbaycan tərəfə baxmaq bizə qarşı təxribatdır. Onlar bu cür hərəkətlərindən çəkinməlidirlər. İndi orada nəyin müşahidəsini aparacaqlar onların öz işləridir. Amma binokl siyasəti Aİ-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Polşa prezidentinin Ermənistandan durub Azərbaycana binoklla baxması ikitərəfli müansibətlərə mənfi təsir göstərdi. Bunu Avropa İttifaqında da anlamalıdırlar. Üstəlik, Azərbaycanla Ermənistan arasında sərhədlər də müəyyənləşir. Sərhəd demarkasiya olunursa müşahidəçi missiyasına nə ehtiyac var? Qətiyyətlə deyə bilərəm ki, Aİ-nin bu addımı Rusiyanın bölgədən sıxışdırılması məqsədi daşıyır. Amma Rusiyanın regiondan sıxışdırılması anti-Azərbaycan forması almamalıdır”.
Vəli Həsənoğlu,
KONKRET.az