ABŞ və İran arasında atəşkəs razılaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Pakistan hərbi mənbələri və İranın təhlükəsizlik strukturlarındakı mənbələr məlumat veriblər.
“Atəşkəs razılaşdırılıb, bu, Hörmüz boğazında sərbəst gəmiçiliyi də əhatə edir”, – deyə mənbələr bildiriblər.
Omanın xarici işlər naziri Bədr əl-Busəidi deyib ki, Hörmüz boğazında gəmilər üçün müvəqqəti dəhlizin, daha sonra isə məsələnin daimi həllinin yaxın zamanda elan ediləcəyinə ümid edir.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) yaydığı məlumata görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri təxminən 20 dənizçi həlak olub.
Hazırda Fars körfəzindən gəmilərin təxliyəsi ilə bağlı IMO-nun planı dayandırılıb. Bölgədə ilişib qalan gəmilərdə təxminən 20 min dənizçi qalır.
ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab olaraq zərbələr endirib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıblar, lakin bir müddət sonra tərəflər yenidən bir-birinə zərbələr endiriblər. Hazırda münaqişə tam həllini tapmayıb, lakin tərəflər döyüş əməliyyatları aparmır və ABŞ iqtisadi təzyiq siyasətinə üstünlük verir.
