“Bu addım İranı daha tez parçalayacaq” – İLGİNC AÇIQLAMAbackend

"Bu addım İranı daha tez parçalayacaq" - İLGİNC AÇIQLAMA

Hazırda dünyada gedən proseslər müttəfiq ölkələri və strateji tərəfdaşları yenidən müəyyənləşdirir. Burada əsas rolu isə maraqların uzlaşması oynayır. Yəni siyasi-iqtisadi maraqları uyğun gələn dövlətlərin bir qütbdə yer aldıqlarını görmək mümkündür. Bütün bunların fonunda sabiq tərəfdaş ölkələrin indi bir-birinə düşmən münasibət sərgiləməsinin də şahidi oluruq. Və ya əksinə əvvəllər maraqları üst-üstə düşməyən Moskva və Tehran kimi paytaxtların bir-birinə necə yaxınlaşdığı da hiss edilir. Bir çox siyasi ekspertlər bu yaxınlaşmanın səbəbsiz olmadığını deyirlər. Belə ki, İranın Azərbaycana hücumu Rusiyaya sərf edir. Çünki qeyri-bərabər döyüşdə Azərbaycanın çətin durumunun rəsmi Bakını KTMT üzvünə çevirməsi mümkündür. Yaxud İranın Araz çayı boyunca hücum hədəfinə Qarabağı da daxil etməsi, sülhməramlıların erməniləri qorumaq adı altında Azərbaycan ərazilərində hələ uzun müddət qalmasını təmin edə bilər. Bəs görəsən Rusiya Qarabağda daha çox qalmaq və Azərbaycanı KTMT üzvülüyünə məcbur etmək üçün İranı qızışdıraraq Azərbaycanla müharibəyə sövq edə bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, səsləndirilən versiya heç də inandırıcı görünmür: “Çünki İran Azərbaycan və Türkiyə arasında “Şuşa” Bəyannaməsinin olduğunu çox gözəl bilir. Bu, rəsmi şəkildə Türkiyəyə Azərbaycanı kənar dövlətin hərbi müdaxiləsindən müdafiə etmək imkanı verir. O baxımdan hesab edirəm ki, İranın Azərbaycana hücumu real görünmür. Digər tərəfdən İranda Cənubi Azərbaycan faktoru mövcuddur. Son günlər İran daxilində artan iğtişaşlar, eləcə də Azərbaycan türklərinin Tehran hökumətinə qarşı dirəniş göstərməsi və müstəqillik haqda düşünməsi fonunda molla rejiminin belə bir ağılsız addıma gedəcəyi inandırıcı gəlmir. Çünki bu addım İranın daha tez parçalanmasına səbəb ola bilər”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir”  | 1news.az | Xəbərlər

Politoloq əlavə edib ki, Azərbaycanın KTMT-yə üzv olması mümkün görünmür: “Hazırda KTMT hansısa formada öz daxilində olan dövlətlərin münaqişəsini həll etmək iqtidarında deyil. Qırğızıstan-Tacikistan arasındakı mövcud sərhəd qarşıdurmasında biz bunun şahidi olduq. Eyni zamanda Ermənistan-Azərbaycan arasındakı münaqişəyə də KTMT qarışa bilmədi. Bütün bunlar onu göstərir ki, KTMT-yə üzv olmaq kimi bir perspektiv mövcud deyil. Çünki Azərbaycan və Türkiyənin müttəfiqliyi, həm də NATO ilə əməkdaşlıq anlamına gəlir. Hesab edirəm ki, bütün bu iddaların irəli sürülməsi real görünmür. Digər tərəfdən İranın indiki vəziyyəti belə bir hücumun həyata keçirilməsinə imkan vermir. Azərbaycanın İranla sərhəddə təlim keçməsi rəsmi Bakının Tehrana adekvat cavab verə biləcəyinə işarədir. Odur ki, İran müharibəyə başlasa belə, Azərbaycana qalib gəlməsi sadəcə yuxudur. Ona görə də, bu cür fikirlərin səsləndirilməsinin heç bir məntiqi əsası yoxdur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*