Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermis qəza aradan qaldırılıb.
Bu barədə KONKRET.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, su xəttində baş vermiş qəzanı Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası aradan qaldırıb, təmir-bərpa işləri tam yekunlaşdırılıb.
Qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub. Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.
Qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə qəza-bərpa briqadası əraziyə cəlb olunub.
