“Bu, Ermənistan hakimiyyətinin nə qədər iyrənc və satqın olduğunu göstərir” – Qriqoryan “od püskürdü”backend

“Bu, Ermənistan hakimiyyətinin nə qədər iyrənc və satqın olduğunu göstərir” – Qriqoryan “od püskürdü”

“Artsax”ın və onun vətəndaşlarının gələcəyi yalnız Rusiya sülhməramlılarından asılıdır. Bu fikirlər Ermənistan hakimiyyətinin nə qədər dar düşüncəli, iyrənc və satqın mövqedə olduğunu bir daha göstərir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb: “Dünyada və regionda gedən bir çox proseslərə təsir edəcək hadisə baş verib. Avropa İttifaqı Rusiyadan dəniz yolu ilə tədarük edilən neft üçün qiymət tavanının tətbiqi qərarını təsdiqləyib. Aİ Rusiya neftinin idxal dəyərinin real bazar qiymətlərindən ən azı 5% aşağı olması məsələsini gündəmə gətirib. Yəni bir barel üçün 60 dollardan yuxarı həddi razılaşdırıb. Rəsmilər dəniz yolu ilə daşınan Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər. Rusiya Mərkəzi Bankının proqnozuna əsasən, Rusiyada neftin qiyməti 2023-cü il üçün 70 dollar/barel səviyyəsində müəyyən edilib. Yəni bu, Rusiya iqtisadiyyatı üçün ölümcül zərbə deyil. Neftin qiymətinin 30-40 dollar həddində olması isə ölümcül zərbə olardı. Amma Rusiya qazı üçün qiymət tavanının tətbiqi ilə bağlı də artıq təkliflər verilir” – erməni analitik məqaləsində yazır.

“Rusiyanın problemlərindən biri də büdcə böhranının başlamasıdır: “Əgər əvvəllər ruslar 2022-ci il üçün büdcənin ÜDM-in 1,2%-i profisitini proqnozlaşdırırdılarsa, indi ÜDM-in bir-iki faizi həcmində büdcə kəsirinin olacağı göz qabağındadır. Eyni zamanda, gələn il iqtisadiyyatın düşməsi 12%-ə qədər müşahidə edilə bilər. Amma bir məsələ də var ki, “Qazprom” 2022-ci ilin 10 ayı ərzində Rusiyada qaz hasilatının 19,4%, qaz ixracının isə 44,5% azaldığını bildirib. Və İtaliya hökuməti Avropanın ən böyük neft emalı zavodlarından birini – Rusiyanın “Lukoyl” şirkətinə məxsus Siciliya adasındakı “ISAB” zavodunu milliləşdirmək qərarına gəlib. Göründüyü kimi, bütün Avropada Rusiyanın neft-qaz şirkətlərinin milliləşdirilməsi prosesi gedir. Rusiya Dəmir Yolları sanksiyalar səbəbindən bilet satışını və beynəlxalq daşımaları dayandıra bilər. Rusiyanın indiki mövqeyini çox dəqiq və qabarıq şəkildə nümayiş etdirən mənzərə belədir. Dünyanın ən böyük ölkəsinin süqutunun şahidi olduğumuzu söyləsək, heç bir mübaliğə olmaz”.

Qalust Qriqoryan daha sonra fikirlərini belə davam etdirir: “2023-cü il sürətlə yaxınlaşır. Azərbaycan açıq şəkildə bəyan edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasının qarşısını alacaq. Onsuz da Rusiyanın Türkiyə-Azərbaycan tandemi ilə mübarizə aparmaq arzusu və imkanı yoxdur. 2025-ci ilin noyabrında isə Rusiya indiki sərhədləri daxilində çox zəif olacaq. Bütün bunların fonunda isə Ermənistan hökuməti hələ də “Rusiya sülhməramlı qüvvələri Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısıdır” fikirini səsləndirir.  Bu barədə hakim “Mülki Müqavilə” partiyasından deputat Eduard Ağacanyan deyir. “Artsax”ın və onun vətəndaşlarının gələcəyi yalnız Rusiya sülhməramlılarından asılıdır?! Hakimiyyətin nə qədər dar düşüncəli, iyrənc və satqın mövqedə olduğunu bir daha görürük. Əslində Ermənistan hakimiyyəti öz qorxaqlığını və xarici siyasətinin uğursuzluğunu nümayiş etdirir. Onların sadə bir suala cavabı yoxdur: Rusiya sülhməramlıları geri çəkildikdən sonra “Artsax”ı və onun sakinlərini kim qoruyacaq? Bu, faciədir” – deyə erməni analitik vurğulayıb.

“Böyük Britaniya, İtaliya və bir sıra digər Avropa ölkələri, xüsusən də Serbiya Bakını sadəcə alqışlayır, təbii qaza görə təşəkkür edir. Azərbaycan isə Rusiyanın Avropa bazarını itirdiyi bir vaxtda öz ixrac həcmini artırır. Azərbaycan İsraildə səfirlik açır və bütün dünyada yəhudi lobbisinin dəstəyini alır. Ermənistan hakim partiyasınnın fraksiyası isə hətta “Artsax Respublikası” (qondarma rejim – red) ifadəsini işlətməkdən qorxur və onu “Qarabağ erməniləri” ifadəsi ilə əvəzləyir. Milli satqınların hakimiyyətinin bəhrəsi budur. İki il əvvəl bizi faciədən xilas edə bilməyənlər, bunu indi də bacarmırlar. Gələcəkdə də bacarmayacaqlar” – deyə Qalust Qriqoryan öz məqaləsini kədərli notlarla tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*