Bu gün Aşuradırbackend

Bu gün Aşuradır

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar və Elmi-Dini şuralarının Məhərrəm ayı ilə bağlı  fətvasına əsasən, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Fətvada qeyd olunub ki, İmam Hüseyn (ə) əzadarlığı bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Din xadimləri Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

Fətvada o da vurğulanıb ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb: “Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər”.

Yeri gəlmişkən, bu gün 28 şəhər-rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Sonda onu da qeyd edək ki, Məhərrəm ayı sentyabrın 29-da başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*