Azərbaycanda kredit amnistiyası olacaqmı? – İqtisadçıdan AÇIQLAMAbackend

Azərbaycanda kredit amnistiyası olacaqmı? – İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda kredit borclarını ödəməkdə çətinlik çəkən vətəndaşlara dəstək məqsədilə məişət kreditlərinə amnistiya tətbiqi yenidən müzakirə mövzusuna çevrilə bilər. Əhalinin borc yükünün azaldılması üçün Dövlət Neft Fondunun vəsaitlərinin müəyyən hissəsinin bu istiqamətə yönəldilməsi də mümkün variantlardan biri kimi nəzərdən keçirilir.

Bəs belə bir təşəbbüsün həyata keçirilməsi nə dərəcədə realdır və iqtisadiyyata hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kredit borclarına amnistiya tətbiqi hüquqi və iqtisadi baxımdan müzakirə oluna bilər. Lakin bütün borcların silinməsi ilə sosial vəziyyəti ağır olan ailələrə ünvanlı dəstək göstərilməsi arasında ciddi fərq var.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”

“Neft Fondunun vəsaitlərinin bir hissəsinin bu məqsədlə ayrılması nəzəri baxımdan mümkün variantdır. Bununla belə, Fondun resursları dövlətin uzunmüddətli maliyyə sabitliyi və gələcək nəsillərin maraqları nəzərə alınmaqla idarə olunur. Buna görə də belə bir təşəbbüsün reallaşması üçün sosial ehtiyaclarla yanaşı, hüquqi əsaslar, maliyyə mənbəyi və mümkün iqtisadi nəticələr də ətraflı qiymətləndirilməlidir”.

Akif Nəsirli xatırladıb ki, 2019-cu ildə Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı xüsusi tədbirlər həyata keçirilib.

“Prezidentin müvafiq fərmanı çərçivəsində müəyyən kateqoriyalı borclar üzrə kompensasiyalar, faiz və cərimələrin silinməsi, eləcə də güzəşt mexanizmləri nəzərdə tutulub.

Bu təcrübə dövlət müdaxiləsinin mümkünlüyünü göstərsə də, yeni proqramın əhatə dairəsi və şərtləri əvvəlcədən müəyyənləşdirilməlidir. Xüsusilə hansı borcluların güzəştlərdən yararlanacağı, tədbirlərin hansı mənbədən maliyyələşdiriləcəyi və bankların mümkün itkilərinin necə qarşılanacağı aydın olmalıdır”.

İqtisadçı hesab edir ki, Neft Fondunun vəsaitlərinin məişət kreditlərinin bağlanmasına yönəldilməsi sadə inzibati qərarla həll ediləcək məsələ deyil.

“Bunun üçün müvafiq hüquqi və büdcə mexanizmləri, vəsaitlərin təyinatı və dövlət maliyyəsinə mümkün təsirlər nəzərə alınmalıdır.

Bu istiqamətdə bir neçə variant nəzərdən keçirilə bilər. İlk növbədə, aşağı gəlirli, əmək qabiliyyətini itirmiş və ya ağır sosial vəziyyətə düşmüş ailələrə ünvanlı borc dəstəyi göstərilməsi mümkündür. Digər variant əsas borc saxlanılmaqla, müəyyən meyarlara uyğun vətəndaşların yığılmış faiz və cərimələrinin azaldılması və ya silinməsidir.

Bundan başqa, kredit müddətinin uzadılması, aylıq ödənişlərin azaldılması və faiz yükünün yüngülləşdirilməsi yolu ilə borcların restrukturizasiyası da tətbiq olunar”.

Nəsirlinin yanaşmasına görə, faiz və cərimələrin silinməsi, eləcə də güzəştli restrukturizasiya bütün əsas borcların dövlət tərəfindən ödənilməsindən daha az maliyyə vəsaiti tələb edə bilər. Ünvanlı dəstək isə dövlət resurslarının həqiqətən ehtiyacı olan ailələrə yönəldilməsinə imkan yaradar.

“Kredit yükünün azaldılması borclu ailələrin sərəncamında daha çox vəsait saxlamasına, gündəlik istehlak imkanlarının genişlənməsinə və sosial gərginliyin azalmasına kömək edə bilər. Eyni zamanda, ödəmə qabiliyyətini itirmiş müştərilərlə bağlı uzunmüddətli məhkəmə və borc yığımı xərclərinin azalması banklar üçün də müəyyən üstünlüklər yarada bilər.

Bununla yanaşı, bütün məişət kreditlərinin şərtsiz silinməsi ciddi maliyyə riskləri daşıyır. Bankların itkiləri kompensasiya edilmədikdə onların kapitalına və gələcək kreditləşmə imkanlarına mənfi təsir göstərər. Dövlət bu itkiləri öz üzərinə götürərsə, əlavə maliyyə yükü büdcəyə düşə bilər.

Digər risk isə vətəndaşlarda gələcəkdə kredit borclarının yenidən silinəcəyi gözləntisinin yaranmasıdır. Bu, borclanma və ödəniş intizamının zəifləməsinə səbəb ola bilər.

2026-cı il iyunun 30-na olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,3 milyon manata çatıb. Bu göstərici problemli kreditlərin miqyasını qiymətləndirmək baxımından əhəmiyyətlidir. Bununla belə, həmin məbləğin hamısı məişət kreditlərindən və ya ağır sosial vəziyyətdə olan vətəndaşların borclarından ibarət deyil”.

Beləliklə, kredit amnistiyası sosial siyasət vasitəsi kimi müzakirə oluna bilsə də, bütün borcların silinməsi dövlət maliyyəsi və bank sektoru üçün əlavə risklər yarada bilər. İqtisadi baxımdan bu təşəbbüsün mümkünlüyü borcluların sosial vəziyyətini, proqramın ümumi xərcini və maliyyə sisteminə təsirini nəzərə alan hesablamalardan asılıdır.

Bu baxımdan, faiz güzəştlərini, restrukturizasiyanı və ehtiyacı olan vətəndaşlara məhdud dövlət dəstəyini birləşdirən proqram kredit yükünün azaldılması ilə maliyyə sabitliyinin qorunması arasında tarazlıq yaratmağa yönələ bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*