Qışda istilik xərcləri azalacaqmı? – Ekspertlərdən MÖVQEbackend

Qışda istilik xərcləri azalacaqmı? – Ekspertlərdən MÖVQE

Mərkəzləşdirilmiş istilik sistemlərinin genişləndirilməsi qış aylarında əhalinin istilik təminatını yaxşılaşdıra, enerji resurslarından daha səmərəli istifadəyə və ekoloji problemlərin azaldılmasına kömək edə bilər. Lakin bu sistemin bütün şəhərlərdə tətbiqi nə dərəcədə məqsədəuyğundur və vətəndaşların istilik xərclərinin azalmasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, mərkəzləşdirilmiş istilik təchizatının genişləndirilməsi enerji səmərəliliyinin artırılması, kommunal xidmətlərin optimallaşdırılması və əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm iqtisadi əhəmiyyət daşıyır.

Neft qiymətlərinin artması sosial-iqtisadi xərclərə büdcədən daha çox  vəsait ayrılması ilə nəticələnəcək – Ekspert - AZƏRTAC

Onun sözlərinə görə, xüsusilə çoxmənzilli yaşayış binalarının üstünlük təşkil etdiyi şəhərlərdə vahid istilik təchizatı sistemi miqyas iqtisadiyyatı yaradaraq istilik istehsalına düşən orta xərclərin azaldılmasına imkan verə bilər. Bununla belə, belə sistemlərin bütün şəhərlərdə tətbiqi zamanı əhalinin sıxlığı, mövcud infrastruktur, tələb olunan investisiyaların həcmi və onların geriödəmə müddəti nəzərə alınmalıdır.

Ekspert qeyd edib ki, mərkəzləşdirilmiş istilik təchizatı fərdi istilik qurğularından asılılığı azalda, yanacaq istehlakını optimallaşdıra və enerji resurslarından daha səmərəli istifadəyə şərait yarada bilər. Müasir texnologiyaların tətbiqi isə karbon emissiyalarının və ətraf mühitə mənfi təsirlərin azaldılmasına kömək edər.

G.Hüseynovanın fikrincə, bütün bunlara baxmayaraq, mərkəzi istilik sisteminin tətbiqi xidmətin avtomatik olaraq ucuzlaşacağı demək deyil. Şəbəkənin qurulması və yenilənməsi böyük ilkin investisiyalar, eləcə də daimi texniki xidmət və amortizasiya xərcləri tələb edir. Buna görə də tarif siyasəti formalaşdırılarkən sistemin maliyyə dayanıqlılığı, xərclərin ödənilməsi və əhalinin ödəmə qabiliyyəti arasında tarazlıq qorunmalıdır.

O, vurğulayıb ki, istilik təchizatının səmərəliliyi yalnız istehsal gücündən deyil, həm də paylanma zamanı itkilərin səviyyəsindən asılıdır. Binaların istilik izolyasiyasının yaxşılaşdırılması, sayğacların quraşdırılması və istehlakın tənzimlənməsi həm enerji israfının qarşısını ala, həm də ev təsərrüfatlarının xərclərini optimallaşdıra bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov da mərkəzləşdirilmiş istilik sistemlərinin genişləndirilməsinin iqtisadi və ekoloji baxımdan əhəmiyyətli olduğunu bildirib.

Deputatın sözlərinə görə, belə sistemlər qış aylarında əhalinin istilik təminatının yaxşılaşdırılmasına, enerji resurslarına qənaətə və mənzillərin qızdırılması ilə bağlı xərclərin optimallaşdırılmasına şərait yarada bilər.

A.Badamov qeyd edib ki, mərkəzləşdirilmiş istilik təchizatının əsas üstünlüklərindən biri hər mənzildə ayrıca kombi və ya digər istilik avadanlığının quraşdırılmasına ehtiyacın azalmasıdır. Bu, vətəndaşların fərdi avadanlıqların alınması və quraşdırılması üçün çəkdiyi ilkin xərcləri azalda, xüsusilə çoxmənzilli binalarda istilik təminatının daha sistemli təşkilinə imkan verər.

Deputat ekoloji məsələyə də diqqət çəkib. Onun fikrincə, müasir texnologiyalarla təchiz edilmiş mərkəzləşdirilmiş istilik sistemləri istiliyin daha səmərəli istehsalına və atmosferə atılan tullantıların azaldılmasına kömək edə bilər. Bunun üçün istehsal güclərinin artırılması, boru xətlərində istilik itkilərinin minimuma endirilməsi və xidmətin keyfiyyətinə nəzarətin gücləndirilməsi vacibdir.

A.Badamov hesab edir ki, mərkəzləşdirilmiş istilik sistemlərinin bütün şəhərlərdə eyni formada tətbiqi məqsədəuyğun deyil. Əhalinin sıx məskunlaşdığı və çoxmənzilli binaların üstünlük təşkil etdiyi ərazilərdə bu model daha səmərəli ola bilər. Fərdi yaşayış evlərinin çox olduğu ərazilərdə isə alternativ istilik həlləri iqtisadi baxımdan daha əlverişli nəticə verə bilər.

Beləliklə, mərkəzləşdirilmiş istilik sistemlərinin genişləndirilməsi əhalinin qış aylarında istilik təminatının yaxşılaşdırılması, enerji resurslarına qənaət və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından əhəmiyyətli addım ola bilər. Lakin bu istiqamətdə qərarlar qəbul edilərkən hər bir şəhərin xüsusiyyətləri, infrastrukturun vəziyyəti və iqtisadi səmərəlilik əsas götürülməlidir. Əsas məqsəd yalnız istilik şəbəkəsini genişləndirmək deyil, əhalini bütün qış mövsümü ərzində fasiləsiz, keyfiyyətli və əlçatan istiliklə təmin etməkdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*