“Dünyəvi dövlətin qanunlarına hörmət etmək dinə qarşı çıxmaq demək deyil”.
KONKRET.az xəbər verir ki, bunu ajansaz-a açıqlamasında İlahiyyatçı Tural İrfan deyib.
Tural İrfan məktəblərdə vahid geyim forması, dini azadlıqlar və dünyəvi təhsil prinsipləri ətrafında yaranan müzakirələrə münasibət bildirib: “Məsələnin cəmiyyətə düzgün izah olunmaması, dini maarifləndirmənin yetərli səviyyədə aparılmaması və xarici təsirlər mövzu ətrafında yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Azərbaycan dünyəvi və hüquqi dövlətdir, ölkədə təhsil sistemi də dünyəvilik prinsipləri əsasında qurulub. Dini inancların cəmiyyətdə geniş yayılması dövlətin qanunlarının dini prinsiplərlə deyil, dünyəvi hüquq normaları ilə tənzimlənməsi reallığını dəyişmir”.
İlahiyyatçı vurğulayıb ki, dinlə dövlətin münasibətləri və dini hökmlərin mahiyyəti cəmiyyətə düzgün izah edilməlidir: “Azərbaycan dünyəvi dövlətdir və dövlət dünyəvi qanunlarla idarə olunur. Ölkəmizdə əhalinin böyük əksəriyyəti İslam dininə etiqad etsə də, unutmamalıyıq ki, din dövlətdən ayrıdır. Bu məqam dini kəsim tərəfindən də daim nəzərə alınmalıdır. Məktəbli geyimi ilə bağlı məsələlərin yalnız dini məhdudiyyət kimi təqdim edilməsi düzgün yanaşma deyil. Vahid geyim formasının əsas məqsədlərindən biri şagirdlər arasında bərabərliyi qorumaq, ayrı-seçkiliyin qarşısını almaq və təhsil müəssisələrində ümumi qaydaları təmin etməkdir. Məktəblərdə vahid geyim formasının tətbiqini hicabın qadağan edilməsi kimi təqdim etmək yanlış təsəvvür yaradır. Bəzən məsələ elə təqdim olunur ki, sanki hicab qadağan edilir. Halbuki burada söhbət vahid məktəbli formasından gedir. Məktəbdə müxtəlif dini inanclara mənsub şagirdlər təhsil alırlar. Müsəlman, xristian, yəhudi və digər inanclara sahib uşaqların hər birinin fərqli dini atributlarla məktəbə gəlməsinə icazə verilməsi məsələsi də eyni yanaşma çərçivəsində qiymətləndirilməlidir. Vahid geyim forması şagirdlər arasında bərabərliyi və ümumi standartları qorumağa xidmət edir”.
Tural İrfan əlavə edib ki, dini hökmlərin hamısını dəyişməz və müzakirəyə qapalı prinsiplər kimi təqdim etmək də doğru deyil. Onun sözlərinə görə, İslamda əsas etiqad prinsipləri ilə müxtəlif şəraitlərdə tətbiq olunan hüquqi və praktiki qaydalar arasında fərq var.
İlahiyyatçı qeyd edib ki, müəyyən peşələrdə, hərbi xidmətdə və digər sahələrdə xüsusi geyim formalarının tətbiqi beynəlxalq təcrübədə də mövcuddur. Onun fikrincə, bu baxımdan məktəbli formasına dair qaydalar da dünyəvi təhsil sisteminin ümumi tələbləri kontekstində müzakirə edilməlidir.
“Qanunlar qəbul edilməzdən əvvəl ictimai müzakirələr aparılmalıdır”
Tural İrfan hesab edir ki, cəmiyyətdə mübahisələrin qarşısını almaq üçün həssas məsələlər üzrə maarifləndirmə və ictimai müzakirələrə daha çox yer ayrılmalıdır: “Belə mövzular həm ilahiyyatçıların, din xadimlərinin, həm də dövlət qurumlarının, sosioloqların və təhsil mütəxəssislərinin iştirakı ilə müzakirə olunmalıdır. Qanunların mahiyyəti cəmiyyətə ətraflı izah edilmədikdə, müxtəlif qüvvələr yaranan informasiya boşluğundan istifadə edərək mövzunu fərqli istiqamətlərə yönəldə bilirlər. Belə həssas mövzularda qərarlar qəbul edilərkən ictimai müzakirələrin və dinləmələrin keçirilməsi faydalı olardı. Dini kəsimin, ilahiyyatçıların və qanunverici qurumların nümayəndələrinin iştirakı ilə məsələlər izah edilsə, cəmiyyətdə bu qədər mübahisə və ziddiyyət yaranmaz. Hazırkı vəziyyətdə də əhalinin geniş şəkildə maarifləndirilməsinə ehtiyac var”.
İlahiyyatçı Azərbaycanda dini azadlıqların və tolerantlıq mühitinin mövcud olduğunu düşünür. O, ölkədə dini abidələrin, ibadət və ziyarət məkanlarının fəaliyyət göstərdiyini, eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun və dini təhsil müəssisələrinin olduğunu xatırladıb. Onun fikrincə, sosial şəbəkələrdə dini mövzuların qeyri-peşəkar şəxslər tərəfindən şərh edilməsi də yanlış təsəvvürlərin yayılmasına şərait yaradır. O hesab edir ki, dini bilikləri və müvafiq ixtisası olmayan şəxslərin dini məsələlər barədə apardıqları təbliğat cəmiyyətdə çaşqınlıq yarada bilər.
“Ən böyük risk uşaqların təhsildən uzaqlaşmasıdır”
Tural İrfan müzakirələrin cəmiyyətdə qütbləşməyə səbəb olmasından narahatlığını ifadə edib: “Məsələni dünyəviliyi dəstəkləyənlər və mühafizəkar dindarlar arasında qarşıdurma kimi təqdim etmək əvəzinə, hüquqi normalar və dini inanclar arasındakı münasibətlər obyektiv şəkildə izah olunmalıdır. Ən təhlükəli məqamlardan biri odur ki, bəzi mühafizəkar ailələr bu cür mübahisələrə görə övladlarını məktəbdən uzaqlaşdıra bilərlər. Bunun baş verməməsi üçün düzgün maarifləndirmə aparılmalıdır. İnsanlara izah edilməlidir ki, dini inancla dünyəvi dövlətin qanunlarına əməl etmək bir-birinə zidd məfhumlar kimi təqdim olunmamalıdır”
O əlavə edib ki, cəmiyyətin dini məsələlərə münasibətində sağlam yanaşmanın formalaşması üçün media da mütəxəssislərin fikirlərinə daha çox yer verməlidir. İlahiyyatçıların, sosioloqların və təhsil ekspertlərinin iştirakı ilə müzakirələrin təşkili həm dini inancların düzgün anlaşılmasına, həm də dünyəvi təhsil prinsiplərinin cəmiyyətə daha aydın çatdırılmasına kömək edə bilər.
Tural İrfanın qənaətinə görə, əsas məqsəd dini inanclarla dövlət qanunları arasında qarşıdurma görüntüsü yaratmaq deyil, vətəndaşların həm hüquq və vəzifələrini, həm də dini inanclarını cəmiyyətin ümumi qaydaları çərçivəsində düzgün anlamasına nail olmaqdır.
