25 illik kredit əvəzinə 10 ilə mənzil imkanı – Gənclər üçün yeni təklifbackend

25 illik kredit əvəzinə 10 ilə mənzil imkanı – Gənclər üçün yeni təklif

Azərbaycanda gənc alimlərin sosial vəziyyəti və mənzil təminatı məsələsi aktual mövzulardan biri olaraq qalır. Aşağı əməkhaqları və mənzil qiymətlərinin yaratdığı çətinliklər elmi fəaliyyətlə məşğul olan gənclərin müstəqil mənzil əldə etməsini çətinləşdirir.

Bəs gənc alimlərin mənzil probleminin həlli üçün xüsusi dövlət proqramının qəbul edilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda yalnız gənc alimlərin deyil, ümumilikdə gənclərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi üçün dövlət tərəfindən xüsusi addımların atılmasına böyük ehtiyac var.

DİQQƏT: Quru sərhədləri bu tarixdə AÇILA BİLƏR | KONKRET

Onun sözlərinə görə, gənclər hər bir ölkənin gələcəyidir və onların sosial problemlərinin həlli prioritet məsələlərdən biri olmalıdır. Xüsusilə mənzil sahibi olmaq istəyən gənclər üçün daha əlçatan imkanların yaradılması vacibdir.

Siyasi şərhçi qeyd edib ki, hazırda gənclərin mənzil əldə etməsi ciddi maliyyə çətinlikləri ilə müşayiət olunur. Onlar uzun illər kredit öhdəlikləri altında qalmaq məcburiyyətində olurlar.

“Gənclər mənzil sahibi olmaq üçün ayda təxminən 800-1000 manat vəsait ödəyərək 25 il müddətinə kredit öhdəliyi götürürlər. Nəticədə, bəzi insanlar mənzillərinə sahib olduqları zaman artıq yaşlarının xeyli irəlilədiyini görürlər. Buna görə də mənzil əldə etmək üçün daha əlverişli şərtlər yaradılmalıdır”, – deyə C.Abbaslı vurğulayıb.

Onun fikrincə, mənzil təminatı məsələsinə yalnız gənc alimlər çərçivəsində yanaşmaq düzgün olmazdı. Müxtəlif peşə sahələrində çalışan gənclərin də sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil əldə etməsi üçün imkanların genişləndirilməsi vacibdir.

C.Abbaslı hesab edir ki, ilk növbədə, gənclərin məşğulluq probleminin həlli, yeni iş yerlərinin açılması və əməkhaqlarının artırılması istiqamətində tədbirlər görülməlidir. O, bildirib ki, xüsusilə elmi fəaliyyətlə məşğul olan gənclərin gəlirləri onların sosial ehtiyaclarını qarşılamağa imkan verməlidir.

“Azərbaycanda gənc alimlərin bəzən 500-600 manat əməkhaqqı aldığı bildirilir. Belə gəlirlə mənzil əldə etmək olduqca çətindir. Buna görə də onların maaşlarının artırılması, sosial vəziyyətlərinin yaxşılaşdırılması və xüsusi imtiyazlarla təmin olunması vacibdir”, – deyə siyasi şərhçi bildirib.

Ağ Partiyanın sözçüsü gənclər üçün güzəştli mənzil mexanizmlərinin tətbiqini də təklif edib. Onun fikrincə, uzunmüddətli kreditlər əvəzinə, daha qısa müddətə və aşağı faizlə mənzil əldə etmək imkanları yaradılmalıdır.

“Gənclər 25 il deyil, 10 il müddətinə aşağı faizlə mənzil sahibi olmaq imkanı qazanmalıdırlar. Mənzillərin illik 8-10 faizlə kreditləşdirilməsi gənclər üçün ciddi maliyyə yükü yaradır. Bu sahədə daha əlverişli şərtlərin tətbiqinə ehtiyac var”, – deyə C.Abbaslı əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*