Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə bundan sonra seçkilərin keçirilməyəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Orteqa bildirib ki, seçkilərin ləğvi müxalifətin hakimiyyətə gəlmək imkanlarının qarşısını almaq məqsədi daşıyır.
“Burada artıq onların hökuməti və hakimiyyəti ələ keçirməyə cəhd göstərə biləcəyi seçkilər olmayacaq. Yankilər və somosaçıların dəstəklədiyi partiyaların yenidən hakimiyyətə qayıdacağı dövr başa çatıb və bir daha təkrarlanmayacaq”, – deyə prezident vurğulayıb.
Daniel Orteqa 1979–1990-cı illərdə Nikaraquaya rəhbərlik edib. O, 2007-ci ildə yenidən prezident seçilib və həmin vaxtdan etibarən hakimiyyətdə qalır.
Reuters qeyd edir ki, ötən il qəbul edilən konstitusiya dəyişiklikləri Orteqanın hakimiyyətini daha da gücləndirib. Dəyişikliklərə əsasən, onun həyat yoldaşı Rosario Murilyo “həmprezident” təyin edilib, prezidentlik müddəti isə altı ilə qaldırılıb. Hazırda cütlüyün hökumət, ordu və məhkəmə sistemi də daxil olmaqla, dövlət idarəçiliyinin demək olar ki, bütün sahələrinə nəzarət etdiyi bildirilir.
Nikaraquada son prezident seçkiləri 2021-ci ildə keçirilib. Həmin vaxt ABŞ-ın keçmiş prezidenti Co Bayden bəyan etmişdi ki, ölkədə 40-a yaxın müxalif siyasətçi, o cümlədən prezidentliyə yeddi potensial namizəd əsassız ittihamlarla həbs olunub, siyasi partiyaların fəaliyyəti isə ciddi şəkildə məhdudlaşdırılıb.
Onun sözlərinə görə, bu addımlar səsvermənin nəticələrini seçki günündən əvvəl faktiki olaraq saxtalaşdırmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
